İSPANİYADA GÖRÜNMƏMİŞ İSTİLƏRDƏN 13 NƏFƏR HƏLAK OLMUŞDUR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, İspaniyada 4 gündən bəri davam edən bərk istilər nəticəsində artıq 13 nəfər ölmüşdür. Həkimlərin dediyinə görə, insanlar, əsasən, günvurmadan və isti hava şəraitində xroniki xəstəliklərin kəskinləşməsindən dünyalarını dəyişmişlər. Ispaniyanın cənubunda avqustun 3-4-dən bəri temperatur 42 dərəcədən aşağı düşmür. Həkimlər zərərçəkənlərin sayının arta biləcəyindən narahatdırlar. Ölkənin cənubundakı müxtəlif xəstəxanalara 30-a yaxın adam, o cümlədən ağır vəziyyətdə bir neçə əcnəbi turist də gətirilmişdir.
Sinoptiklərin məlumatına görə, İspaniyada Afrikadan və Şərqdən gələn qızmar hava axını nəticəsində yaranmış bərk istilər azı həftənin axırınadək davam edəcəkdir.