CƏMİYYƏT
İSPANİYADA İSTİVURMADAN ÖLƏNLƏRİN SAYI 23 NƏFƏRƏ ÇATMIŞDIR
İspaniyada görünməmiş istilər davam edir. AZƏRTAC xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, burada istivurmadan ölənlərin sayı 23 nəfərə çatmışdır.
Əndəluziyada və Estremadurada istidən ölənlər daha çoxdur. Burada artıq bir həftədir ki, havanın hərarəti 40 dərəcədir, bəzən isə 46 dərəcəyə çatır. Madriddə, Syudad- Realda, Saraqosada, Almeriyada və Qalisiyada da istidən ölənlər vardır. İstivurma nəticəsində 25 nəfər xəstəxanaya düşmüşdür, onların bəziləri koma vəziyyətindədir.
Əndəluziyanın hakimiyyət orqanları ahıl, tənha qocalara kömək etməyə cəhd göstərirlər. Əhalinin məhz bu təbəqəsindən olan insanlar istidən və bunun nəticəsində ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.
İstilər İspaniyada yanğınların baş verməsinə və yayılmasına da səbəb olur. Yanğınlar nəticəsində ikinəfər həlak olmuş, onlarca adam xəstəxanaya qoyulmuşdur.