SİYASƏT
İSPANİYADA TERRORİZM ƏLEYHİNƏ ÜMUMMİLLİ ETİRAZ NÜMAYİŞLƏRİ
Paytaxt polisinin nümayəndəsi demişdir ki, Madriddə 2 milyondan çox adamın iştirak etdiyi kütləvi yürüş Kolumb meydanından başlamış və Atoça dəmiryol vağzalı binası önündə başa çatmışdır. İspaniya hökumətinin sədri Xose Maria Asnar başda olmaqla nazirlər, ölkənin əsas siyasi partiyalarının liderləri, vəliəhd, şahzadə Asturiyalı Felipe, şahzadə xanımlar Elena və Kristina nümayişçilərin önündə gedirdilər.
Avropa Komissiyasının sədri Romano Prodi, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Xavyer Solana, Fransanın Baş naziri Jan-Pyer Raffaren, Portuqaliyanın Baş naziri Joze Manuel Duran Barrozu, İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoni, bir çox digər ölkələrin yüksək vəzifəli nümayəndələri nümayişdə iştirak etmək üçün Madridə gəlmişdilər.