SİYASƏT
İSPANİYADA YAŞAYAN SOYDAŞLARIMIZIN BİRLƏŞMƏSİ İSTİQAMƏTİNDƏ İŞ APARILIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları İspaniyada səfərdə olmuşlar. Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd bu ölkədə yaşayan soydaşlarımızın problemlərini öyrənmək və onlara lazımi kömək göstərmək olmuşdur. Komitənin əməkdaşları Madrid, Valensiya, Alikante və Torreviyexa şəhərlərində yaşayan soydaşlarımızla, İspaniyanın rəsmi dövlət orqanlarının nümayəndələri, Xarici İşlər Nazirliyi nəzdindəki universitetin rektor müavini Basilio Rodrigeslə görüşmüşlər. İspaniyada fəaliyyət göstərən “Azərbaycan dostları” cəmiyyətinin təşəbbüsü ilə universitetdə açılmış Azərbaycan dili kurslarının ölkələrimiz arasında münasibətlərin inkişafında rolu vurğulanmışdır. Torreviyexa şəhəri merinin müavini Xose Antonio Montesinos Pereslə keçirilən görüşdə isə bu şəhərdə “Azərbaycan evi”nin yaradılmasına kömək göstərilməsi və digər məsələlər müzakirə olunmuşdur. Soydaşlarımızla görüşlərdə digər diaspor təşkilatları ilə əməkdaşlığınperspektivləri barədə müzakirələr aparılmışdır.