İDMAN
İSPANİYA ÇEMPİONATI PLANETİN ƏN GÜCLÜ KOMANDALARININ YARIŞ MEYDANINA ÇEVRİLƏ BİLƏR
Bakı, 31 avqust (AZƏRTAC). “Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinand demişdir ki, bu mövsümarası müddətdə bir çox oyunçuların Pireney yarımadasına köçməsi İspaniya çempionatını planetin ən güclü komandalarının yarış meydanına çevirə bilər. İngiltərə yığmasının futbolçusu hesab edir ki, İngiltərənin Premyer liqasının yüksək səviyyəsini qoruyub saxlaya bildiyini məhz bu mövsüm müəyyən edəcəkdir.
Rio Ferdinand bildirmişdir: Ən yaxşı oyunçular - Kriştianu Ronaldu, Kaka və İbrahimoviç İspaniyaya köçmüşlər. Mənim fikrimcə, onlar dünyanın ən yaxşı futbolçularıdır və hər bir məşqçi onları öz komandasının tərkibində görmək istərdi. Onlar artıq İspaniya komandalarında oynayan Lionel Messi, Andres İnyeste, Xavi Ernandes kimi oyunçulara qoşulmuşlar. Buna görə də birinci İspaniya divizionunun dünyada birinci olmaq üçün hər cür şansı vardır. Son üç-dörd ilin Çempionlar liqasının yarımfinalında iki və daha çox ingilis komandası olmuşdur. Bu da Premyer liqanın səviyyəsindən xəbər verir. İngiltərə çempionatının öz liderliyini saxlayıb-saxlamayacağını bilmək üçün mövsümün sonunu gözləmək lazımdır.