SİYASƏT


İSRAİL HÖKUMƏTİ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNİ MÜDAFİƏ EDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Milli Məclisin sədri Murtuz Ələsgərov iyunun 2-də parlamentdəki Heydər Əliyev zalında İsrail Knessetinin ölkəmizdə səfərdə olan deputatı Amnon Koeni qəbul etmişdir.

Parlamentin sədri Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasında mehriban dostluq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərimizin bu səviyyəyə çatmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İsrailin hökumət və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərin xüsusi rolu olmuşdur. Ümumiyyətlə, ölkəmiz İsrail dövləti ilə əlaqələrin genişlənməsində maraqlıdır.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrin də istənilən səviyyədə olduğunu vurğulamışdır.

Sonra Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, baş vermə səbəbləri və ölkəmizin problemin həllində tutduğu ədalətli mövqe barədə ətraflı məlumat vermişdir. O, həmçinin, İsrail hökumətinə və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən yəhudi diaspor təşkilatlarına problemin həllində Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirmişdir.

Amnon Koen demişdir ki, onun dövləti də Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Bunun üçün əlindən gələni edir. İsrailin iş adamları Azərbaycanda tibb, kənd təsərrüfatı və digər sahələrdə yerli mütəxəssislərə yardımlar göstərirlər.

İsrail də terrordan əziyyət çəkir, ona görə də, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ağrı-acılarını başa düşür və problemin həllində rəsmi Bakının ədalətli mövqeyini həmişə dəstəkləyəcəkdir. Bütün dövlətlər terrorizmə qarşı birgə mübarizə aparmalıdır və biz Azərbaycanın bu məsələdə də tutduğu mövqeyi yüksək qiymətləndiririk.

Amnon Koen parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin vacibliyini bildirmiş və tezliklə Milli Məclis üzvlərinin İsrailə dəvət olunacaqlarını qeyd etmişdir.

Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.