DÜNYA
İSTANBULDAKI PARTLAYIŞLARIN ACI NƏTİCƏLƏRİ
Türkiyə Baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül İstanbulda baş verən terror aktlarında beynəlxalq terror təşkilatlarının əli olduğunu bildirdi. Daxili işlər naziri Əbdülqadir Aksu və İstanbul valisi Müəmmər Gülər hadisə yerinə gəlmiş, aparılan istintaq işləri ilə maraqlanmışlar.
Bəyoğlu rayonunda Qüllədibi küçəsində yerləşən “Neve Şalom” sinaqoqunun təhlükəsizlik kameralarının görüntüləri polis tərəfindən araşdırılmışdır. Bunun nəticəsində ilk partlayışın sinaqoqun qarşısında saxlanmış qırmızı rəngli avtomobildə baş verdiyi müəyyən edilmişdir.
Həmin gün Türkiyə və İsrail xarici işlər nazirləri arasında telefon danışığı olmuşdur. İstintaqa yardım məqsədi ilə İsraildən İstanbula ekspertlərdən ibarət xüsusi dəstə göndəriləcəkdir.