İDMAN
İSTANBULDA AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İstanbulda ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar tələbələr arasında keçirilən futbol turnirinə yekun vurulmuşdur.
Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil edilən və 3 gün davam edən futbol turnirində Türkiyənin müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan azərbaycanlı tələbələrdən ibarət 16 komanda yarışmışdır.
Gərgin idman mübarizəsi şəraitində keçən qrup mərhələsində daha uğurlu çıxış edən komandalar mübarizəni pley off sistemi üzrə davam etdirmişlər.
Final görüşündə Mərmərə Universitetinin “Asyaka” komandası Eskişehir Universitetinin “Anadolu” komandasını məğlub edərək, turnirin qalibi olmuşdur.
Final görüşü başa çatdıqdan sonra turnirin qalibinə fəxri kubok təqdim edilmişdir. Ümumiyyətlə, turnirdə ilk üç yeri tutan komandalara medallar və pul mükafatları verilmişdir.
Turnirin ən məhsuldar hücumçusu, eləcə də müxtəlif xətlərdə ən yaxşı oyun nümayiş etdirən tələbələr də mükafatlandırılmışlar.
“SOCAR-Turgaz” enerji şirkətinin sponsorluğu ilə təşkil edilən turnir azərbaycanlı tələbələr üçün əsl idman, dostluq və sağlamlıq bayramı olmuşdur.