DÜNYA
İSTANBULDA QƏDİM LİMAN TAPILMIŞDIR
Bu çox dəyərli tapıntı İstanbulun Avropa və Asiya hissələrini birləşdirəcək fövqəlmüasir yeraltı nəqliyyat magistralının tikintisinə mane olur.
Erkən Bizansın dəniz yollarının Konstantinopol mərkəzi uzun müddət alimlərin diqqətindən kənarda qalmışdır. Görkəmli arxeoloq-bizansşünas Volfhanq Müller-Viner hələ 30 ildən çox bundan əvvəl bildirmişdi ki, liman Yeniqapı rayonundadır. Lakin burada ucdantutma çoxmənzilli evlər tikilmişdir. Dalğaqıran bəndlər və yanalma körpüləri, habelə qərq olmuş yeddi gəmi yalnız dəmir yol qovşağının tikintisi işləri başlandıqda aşkarlanmışdır.
Qədim limanın ərazisinin öyrənilməsi üçün arxeoloqlara yarım il vaxt ayrılmışdır. Lakin, ekspedisiyanın başçısı Mətin Göyçayın fikrincə, bu müddət çox azdır. O xatırlatmışdır ki, Afinada metronun tikintisi yeddi il vaxt aparmışdır.
Türkiyə hökuməti aşkara çıxarılan qədim limanın yerində ölkənin ən böyük dəmir yol və qatardəyişmə stansiyası tikilməsini planlaşdırır. Yüksəksürətli qatarlar ayrıca tunellə Bosforun bir sahilindən digərinə saatda 75 minədək sərnişin daşıyacaqdır.
İstanbul arxeoloqları Bizans limanını qoruyub, açıq səma altında muzeyə çevirmək istəyirlər. Hökumətin buna icazə verib-verməyəcəyi hələlik məlum deyildir.