MƏDƏNİYYƏT
İSTANBULDA TANINMIŞ AZƏRBAYCAN REJİSSORUNUN XATİRƏSİ YAD EDİLMİŞDİR
Xatirə gecəsini giriş sözü ilə tədbirin təşəbbüskarı və təşkilatçısı, Azərbaycanın əməkdar incəsənət xadimi, rejissor, professor Tofiq İsmayılov açmışdır. Natiq mərhumun keçdiyi zəngin və mənalı həyat yolundan söhbət açmış, sənətkarın yaradıcılığını təhlil edərək demişdir ki, Azərbaycan kinematoqrafiya tarixində Adil İsgəndərovun xüsusi yeri vardır. Natiq mərhum sənətkarımız ilə şəxsi dostluğundan, onunla bağlı xatirələrindən danışmışdır. İstanbul Böyük Şəhər Bələdiyyəsi Mədəniyyət Departamentinin müdiri Şenol Dəmiröz belə tədbirlərin iki dost və qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Ölkəmizin İstanbuldakı baş konsulu İbrahim Yaqubov belə tədbirlərin davam etdiləcəyinə ümidvar olduğunu bildirmişdir. Adil İsgəndərovun kino tariximizdə xüsusi iz qoymuş istedadlı sənətkar kimi xalqımızın böyük rəğbətini qazandığını nəzərə çatdırmışdır.
Şair, sənətşünas İrfan Çiftçi Adil İsgəndərovun həm rejissorluq, həm də aktyorluq istedadından söhbət açmışdır. Sənətkarın qızı Dilarə İsgəndərova atasına göstərilən bu diqqət üçün tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
Sonra mədəniyyət mərkəzinin kino zalında Adil İsgəndərovun “Axırıncı aşırım” bədii filmi nümayiş etdirilmişdir.