DÜNYA
İSVEÇRƏDƏ ÖLKƏNİN TARİXİNDƏ ƏN QALMAQALLI İQTİSADİ CİNAYƏT İŞİNƏ BAXILACAQ
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, İsveçrədə ölkənin tarixində ən qalmaqallı iqtisadi cinayətin - milli aviadaşımalar sahəsində lider olan “Swissair” şirkətinin müflisləşməsi üzrə məhkəmə prosesi başlanmışdır. Müttəhimlər kürsüsündə şirkətin direktorlar şurasının üzvləri və top-menecerləri oturmuşlar. Onlar xidməti vəzifələrindən sui-istifadə etməkdə və digər qanun pozuntularına yol verməkdə təqsirləndirilir.
İttiham tərəfi diqqəti 7 ayrı-ayrı iş üzərində cəmləşdirmişdir. Məsələn, 270 müxtəlif şirkətdən ibarət SairGroup-un yenidən qurulması haqqında işə baxılacaqdır. Təşkilatın baş direktoru Mario Kortinin bəyəndiyi islahatlar planı SairGroup-un kreditorlar qarşısında borcunun məbləğinin artmasına gətirib çıxarmışdır.
Aviadaşıyıcının bir neçə yüksək vəzifəli əməkdaşı “Swissair”in maliyyə vəziyyəti ilə bağlı saxta informasiyanın yayılmasında təqsirləndirilir. Bundan əlavə, direktorlar şurasının bütün tərkibi Belçikanın “Sabena” aviaşirkətinin “Swissair” büdcəsindən maliyyələşdirilməsində şübhəli bilinir. Prokurorluqda bildirmişlər ki, bu məqsədlərə 193,6 milyon dollar xərclənmişdir.
“Swissair” 1931-ci ildə yaradılmışdır. Maliyyə sabitliyi sayəsində İsveçrənin milli rəmzinə çevrilmiş və qeyri-rəsmi “Uçan bank” adını almışdır. Bütün bu nailiyyətlərinə baxmayaraq, 2002-ci ildə o, fəaliyyətinə son qoymuşdur. Nəticədə şirkətin 13,6 milyard dollar borcu qalmış, 5 min adam isə iş yerini itirmişdir.
Bu iş üzrə prosesin 8 həftə davam edəcəyi gözlənilir.