DÜNYA
İTALİYADA MKİ AGENTLƏRİ MÜHAKİMƏ EDİLİR
Əbu Ömər kimi tanınan və “Əl-Qaidə” ilə əlaqə saxlamaqda şübhəli bilinən Milan məscidinin imamı Həsən Mustafa Osama Nəsri MKİ agentləri İtaliya hakimiyyət orqanlarının icazəsi olmadan 2003-cü il fevralın 17-də Milanda tutmuş və ABŞ Hərbi Hava Qüvvələrinin Avianodakı bazasına aparmış, oradan isə Almaniya ərazisindən keçməklə Misirə göndərmişlər.
İstintaqın məlumatına görə, İtaliya hərbi kəşfiyyatı nəinki MKİ-nin qanunsuz əməliyyatından xəbərdar idi, həm də imamın oğurlanmasında iştirak etmişdir.
Bu ilin iyulunda Milan prokuroru imam Əbu Ömərin oğurlanmasında əli olan 26 MKİ agentinin ekstradisiyasını tələb etmişdir. Müstəntiqlər hesab edirlər ki, ABŞ agentləri İtaliya ədalət məhkəməsindən gizlənirlər.
Beləliklə, ilk dəfə olaraq, MKİ əməkdaşlarına qarşı ABŞ-ın hüdudlarından kənarda cinayət işi qaldırılmışdır. İtaliya qanunlarına əsasən, bu agentlər həbsə alınarsa, onların hərəsini 10 il müddətinədək həbs cəzası gözləyir.