CƏMİYYƏT
İTAR-TASS-IN NÖVBƏTİ TƏXRİBATI
Rusiyanın İTAR-TASS agentliyinin Azərbaycana qarşı qərəzli mövqeyi və ictimai fikirdə ölkəmiz barədə yaydığı əsassız ittihamlar səngimir.
Bu günlərdə həmin agentliyin kütləvi informasiya vasitələrinə yaydığı məlumata görə, bu il avqustun 5-dən 6-na keçən gecə Rusiya federal sərhəd xidməti Şimali Qafqaz üzrə Regional İdarəsinin sərhədçiləri Xəzərin Dağıstana aid hissəsində bir qrup sərhədpozucusunu yaxalamışlar. Agentliyin iddiasına görə, guya azərbaycanlılardan ibarət dörd nəfərlik qrup güclü mühərrik və mükəmməl naviqasiya cihazları ilə təchiz olunmuş qayıq vasitəsi ilə qeyri-qanuni yolla Rusiyanın məhəlli sularına daxil olmuşlar. Hazırda onların çeçen yaraqlıları ilə əlaqədə olması ehtimalı araşdırılır.
Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsindən bildirilmişdir ki, həmin məlumatla bağlı müvafiq araşdırmalar aparılmışdır. Müəyyənləşdirilmişdir ki, avqustun 5-də Xudat Sərhəd Dəstəsinin dəniz limanından yola düşmüş bütün matorlu qayıqlar cədvəl üzrə təyin olunmuş vaxtda geri qayıtmışlar. Belə ki, onlardan birinin guya Azərbaycan-Rusiya sərhədlərini pozub Dağıstan ərazisindəki “Kaspiyskaya” sərhəd zastavasının xidməti ərazisində saxlanması barədə yayılmış məlumat həqiqətə uyğun deyil. Bundan başqa, Rusiya Federal Sərhəd Xidməti Dərbənd Sərhəd Dəstəsinin rəhbərliyi ilə də əlaqə yaradılmışdır. Rusiya sərhədçiləri İTAR-TASS-ın məlumatını təkzib etmiş, avqustun 5-dən 6-na keçən gecə bu ərazidə dövlət sərhədinin pozulduğu barədə fakt olmadığını bildirmişlər. Digər tərəfdən,həmin naməlum qayıq milliyyətcə azərbaycanlı olan Rusiya vətəndaşlarına da məxsus ola bilər.
Sərhəd Qoşunları Baş İdarəsində agentliyin bu cür iftiralarını Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafına qarşı yönəldilmiş növbəti təxribat aksiyası kimi qiymətləndirmişlər.