İQTİSADİYYAT
“ITOCHU” korporasiyası SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Bakı, 8 dekabr, AZƏRTAC
Yaponiyanın “ITOCHU” korporasiyası SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə dekabrın 8-də şirkətin prezidenti Rövnəq Abdullayevin “ITOCHU” korporasiyasının idarə heyətinin üzvü və baş idarəedici direktoru Masahiro İmainin başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə danışılıb.
R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin uğurlarında digər tərəfdaşlarla yanaşı “ITOCHU” korporasiyasının da rolunu qeyd edib. O, “ITOCHU”nun Azərbaycanın regional əhəmiyyət kəsb edən genişmiqyaslı neft-qaz layihələrində iştirak edən ilk beynəlxalq şirkətlərdən olduğunu diqqətə çatdırıb.
“ITOCHU” nümayəndə heyətinin başçısı M.İmai SOCAR və “ITOCHU” arasında əməkdaşlığın 20 ildən artıq bir müddəti əhatə etdiyini, həm neft, həm də qeyri-neft sektorunun müxtəlif layihələrində, o cümlədən “Azəri-Çıraq-Günəşli” və Bakı-Tbilisi-Ceyhan kimi beynəlxalq miqyaslı layihələrdə tərəfdaş olduqlarını xatırladıb. O, həmin layihələr üzrə işlərin gedişindən məmnun olduğunu söyləyib, təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib.
Yaponiya şirkətlərinin Azərbaycanda uzunmüddətli səmərəli fəaliyyətindən razılığını vurğulayan SOCAR-ın prezidenti birgə layihələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. O, SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisində “ITOCHU” şirkətinin və bu layihənin maliyyələşdirilməsində Yaponiya banklarının fəal rol oynadığından söhbət açıb, yapon şirkətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli perspektiv imkanların mövcud olduğunu söyləyib.
M.İmai Azərbaycanda onların fəaliyyəti üçün yaradılan şəraitdən razılığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.