ELM VƏ TƏHSİL
“İT MAQAZİNE” JURNALININ İLK NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
Jurnalda kompüterlə yeni tanış olanlardan başlayaraq, İKT sahəsində çalışan mütəxəssislərə geniş oxucu kütləsi üçün maraqlı olan məzmunlu yazılar dərc edilmiş, bir sıra tövsiyələr verilmişdir.
Azərbaycanda belə bir nəşrə çoxdan ehtiyac duyulduğunu nəzərə alsaq, deyə bilərik ki, bu informasiya boşluğu bundan sonra hiss edilməyəcəkdir. “İT Maqazine” jurnalının ilk nömrəsi ilə tanışlıq bunu tam əminliklə deməyə əsas verir.
Jurnal beynəlxalq aləmlə əməkdaşlığa da üstünlük verir. İlk nömrədə Azərbaycanın nümayəndələrinin müsahibələri ilə yanaşı, YUNESKO-nun İnformasiya Kommunikasiya Texnologiyaları departamentinin direktoru xanım Elizabet Lonqvordun ingilis dilində geniş müsahibəsi və təbrikinin dərc edilməsi ilk addımın uğurlu olduğundan xəbər verir. Ümidvarıq ki, jurnal Azərbaycanın İKT istiqamətdə inkişaf mərhələlərində öz layiqli rolunu oynayaraq, səhifələrində lazımi informasiyaları və yenilikləri işıqlandıracaqdır.
Oktyabrın 1-3-də keçirilən Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları”- Bakı Tel 2003 sərgisində jurnalın ilk nömrəsinin nüsxələri bütün iştirakçılara hədiyyə olaraq paylanmışdır. İKT sahəsi ilə ictimaiyyət arasında bir növ körpü rolunu oynayacaq jurnala və onun kollektivinə uğurlar arzulayırıq.