İQTİSADİYYAT
İT xidmətləri bulud hesablamaları texnologiyaları üzərindən həyata keçiriləcək
Bakı, 19 mart, AZƏRTAC
Kommersiya layihəsi çərçivəsində göstərilən informasiya texnologiyaları xidmətlərinin hamısı bulud hesablamaları texnologiyaları üzərindən həyata keçiriləcək. Məlumatların Emalı və Saxlanılması Mərkəzi (MESM) bütün kateqoriyalar üzrə olan istehlakçılara mövcud avadanlıq üzərindən resursları təqdim edəcək.
Bu barədə AZƏRTAC-a məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev qeyd edib ki, eyni zamanda istehlakçılar üçün bulud texnologiyaları üzərindən resursların təqdim olunması daha asan olacaq. Belə ki, resursların bulud üzərindən təqdimatı ilə mərkəzin imkanlarının səmərəliliyi artır, istehlakçıya göstərilən xidmətlərin qiyməti enmiş olur. Bulud texnologiyası əsasında xidmətlər seçilmiş modeldən (İAAS, SAAS, PAAS) asılı olaraq göstəriləcək. Yəni müştəri tətbiq proqramlarını, məlumatların saxlanması və ötürülməsi üçün serverləri və s. seçilmiş modelə əsasən əldə edə bilər.
“Ümumdünya tendensiyasında da artıq bulud texnologiyalarına daha çox üstünlük verilir. MESM-ləri bulud texnologiyalarsız, bulud texnologiyalarını MESM-lərsiz təsəvvür etmək mümkün deyil. Serverlərin üzərində artıq bulud texnologiyaları yerinə yetirilməlidir. Məlumatların MESM-də saxlanma üçün xidmət göstərən tərəflə istehlakçı arasında “Xidmət səviyyəsi müqaviləsi” bağlanacaq. Müqavilədə bütün şərtlər əksini tapacaq və istehlakçının arzusundan asılı olaraq məlumatlar 5 və ya 10 il arxivdə saxlanılacaq”, - deyə direktor müavini vurğulayıb.