İQTİSADİYYAT
IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcəkdir
Bakı, 7 fevral (AZƏRTAC). İyunun 20-21-də Azərbaycan Sığortaçılar (ASA) Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə IV Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcəkdir.
ASA-dan AZƏRTAC-a bildirilmişdir ki, forumda “Qafqaz regionunun sığorta bazarının perspektivləri və yeni biznes istiqamətləri”, “Qafqaz ölkələrinin sığorta bazarı üçün təkrarsığorta həlləri”, “Kənd təsərrüfatı sığortası – dövlət tənzimləmələri və bazar reallıqları”, “Tibbi sığorta – köhnə problemlərin yeni həlləri” və “Avtomobil sığortası” panelləri üzrə müxtəlif mövzularda müzakirələr aparılacaqdır.
Tədbirdə Qafqaz regionunun, həmçinin Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 250-dən çox yüksək struktur nümayəndələrinin iştirakı gözlənilir.