MƏDƏNİYYƏT
IV Bakı Beynəlxalq Teatr Konfransına 38 ölkədən 150-yə yaxın iştirakçı qatılacaq VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edəcək. Tədbirə imzaları dünyada tanınan 20-yə yaxın teatrşünas, teatr tənqidçisi, həmçinin qəzet və jurnalların redaktorları qatılacaq. Konfransda dünya teatrda gedən proseslər, multikulturalizm və digər aktual mövzular ətrafında çıxışlar dinləniləcək. Konfransın əsas məqsədlərindən biri iştirakçıları ölkəmizdə mövcud olan mədəni platforma ilə tanış etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri konfransın Təşkilat Komitəsinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev noyabrın 4-də keçirilən mətbuat konfransında səsləndirib.
Nazir müavini deyib ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”na uyğun olaraq keçirilir.
Bildirilib ki, artıq dördüncü dəfə təşkil olunan konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən – Böyük Britaniya, Rusiya, İspaniya, Almaniya, ABŞ, Ukrayna, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Hindistan, Gürcüstan, Xorvatiya, Serbiya, İran, İraq, İtaliya, Küveyt, Qətər, Litva, Latviya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Polşa, Bolqarıstan, Türkiyə, Yunanıstan, Yaponiya, Şri-Lanka və Sudandan tanınmış mədəniyyət, incəsənət və elm xadimləri Bakıya səfər edəcəklər.
Konfransda Beynəlxalq Teatr İnstitutu, Beynəlxalq Teatr Tədqiqatları Federasiyası, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyası, ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları İttifaqı), MTBA (Musiqili Teatrların Beynəlxalq Assosiasiyası) təmsil olunacaq.
Qonaqlar noyabrın 5-dən başlayaraq Bakıya gələcəklər. Noyabrın 6-da AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun “İrəvan xanlığı” kitabının misirli alim Abdel Rahman Al Xamissi tərəfindən ərəb dilinə tərcüməsinin təqdimat mərasimi olacaq və qonaqlar Akademik Milli Dram Teatrında “Ölülər” tamaşasına baxacaqlar. Noyabrın 7-də IV Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Dövlət Musiqili Teatrında “Multikulturalizm və teatr” devizi ilə öz işinə başlayacaq. Eyni zamanda, noyabrın 6-da və 9-da Azərbaycan Dövlət Rus Dram Teatrında Boris Daussa-Pastorun “Karri Marqolis metodu”, Azərbaycan Dövlət Musiqili Teatrında Pavel Rudnevin “Teatr teatrşünaslardan nə gözləyir”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Andrey Sidelnikovun “Aktyor sənətində improvizə”, Azərbaycan Dövlət Musiqili Teatrında Devid Pərrişin “Yaradıcılıq və biznes: teatr üçün yeni imkanlar” mövzularında seminar və treninqlər, habelə beynəlxalq təşkilatların milli mərkəz üzvləri ilə görüşlər keçiriləcək. Konfransa qatılan bir qrup xarici jurnalistlərin bölgələrə səfərləri təşkil olunacaq.
Diqqətə çatdırılıb ki, konfransın materialları, iştirakçılar barədə məlumatlar toplu halında 3 dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilib. Həmçinin, konfransın xatirə nişanı hazırlanıb və qonaqlara təqdim ediləcək.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.