CƏMİYYƏT
IV Bakı Beynəlxalq Tibbi Treninq Günləri başa çatıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 23-dən 25-dək Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Elmi Cərrahiyyə Mərkəzi və Mamalıq-Ginekologiya İnstitutunun dəstəyi, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Tibbi Treninq Günləri keçirilib.
Milli Onkologiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Almaniya və Özbəkistandan gəlmiş 300 iştirakçının qatıldığı tədbirin ilk günündə dünyanın müxtəlif universitet klinikalarından gəlmiş professorlar referent və trener qismində iştirak ediblər.
Treninqin rəsmi açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş həkimi, professor Azad Kərimli, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov, Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Rauf Ağayev, Almaniyanın Hannover Universitetinin professoru M.Gebel, Dağıstan Tibb Universitetinin prorektoru professor Məhəmməd Həmidov və digərləri Azərbaycan tibbinin uğurlarından və tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, son illər ölkəmizdə tibbin inkişafında çox ciddi nailiyyətlər əldə edilib və bunun nəticəsi olaraq Azərbaycan regionda tibb sahəsində keçirilən bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Cərrahiyyə, radiologiya, ginekologiya, endoskopiya və reanimasiya sahələrini əhatə edən bu treninqlərin yalnız Azərbaycandan deyil, xarici ölkələrdən də gəlmiş iştirakçılar üçün təhsil baxımından böyük əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Yerli və xarici mütəxəssislərin sədrliyi ilə plenar iclaslarla davam edən tədbirdə radiologiya, ginekologiya, ultrasonoqrafiya və cərrahiyyənin aktual problemlərinə həsr olunmuş məruzələri dinlənilib, müzakirə olunan mövzular ətrafında fikir mübadilələri aparılıb.
Tədbirin ikinci günü Azərbaycan, Türkiyə, Ukrayna, Özbəkistan və Dağıstandan gəlmiş 150-ə yaxın iştirakçı üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, radiologiya, ginekologiya, kardiopulmonar reanimasiya üzrə kurslar keçirilib. Təlimlərdə Avropada həkimlərin davamlı tibb təhsili və ixtisasartırması məqsədilə tətbiq olunan ən müasir proqramlardan və xüsusi modellərdən istifadə edilib.
Tədbir əsnasında tibb bacıları üçün də iki səviyyədə praktik vərdiş seminarları təşkil olunub.
Xatırladaq ki, tədbir Səhiyyə Nazirliyi tərəfindən də akkreditasiya olunaraq 18 Davamlı Tibbi Təhsil ballı ilə qiymətləndirilib.
Tədbirin tərkib hissəsi kimi Milli Onkologiya Mərkəzində “Kontrast ultrasonoqrafiya”, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda “Fetal ultrasonoqrafiya”, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində isə “Radiologiya” üzrə azərbaycanlı mütəxəssislər üçün ustad dərsləri keçirilib. Bu zaman xəstələr beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə birgə müayinə edilib, bu sahədə olan ən yeni yanaşmalar iştirakçılara canlı olaraq izah və tədris edilib.
Tədbirin sonunda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.