SİYASƏT
IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, BBMM-in icraçı direktoru Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədi haqqında danışıb. Bildirib ki, tədris layihəsi çərçivəsində dünyanın 15, ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural, eyni zamanda, tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə şərait yaratmaqdır. IV Beynəlxalq multikulturalizm qış məktəbi 2017-ci il fevralın 13-dən 20-dək BBMM və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” devizi altında keçirilib. Bakı şəhərində, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən qış məktəbində Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərinin tələbələri iştirak ediblər. Azad Məmmədov ümidvar olduğunu bildirib ki, bu layihənin iştirakçıları ilə dostluq və əməkdaşlıq gələcəkdə də davam edəcək.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edərək deyib: “Bizim üçün çox xoşdur ki, azərbaycanlı gənclərlə xarici ölkə universitetlərinin tələbələri bir həftə ərzində bir araya gəldilər, dost oldular. Azərbaycanın dövlət müşaviri Kamal Abdullayev qış məktəbi iştirakçıları ilə görüşdə Prezident İlham Əliyevin belə bir fikrini səsləndirdi: “Azərbaycana olan maraq Azərbaycana olan sevgiyə çevrilməlidir”. Biz sevinirik ki, Prezidentin bu hədəfini gerçəkləşdirə bilmişik və Azərbaycana olan marağın, dostluğun sevgiyə çevrilməsi istiqamətində hər iki təşkilatçı qurum səylərini əsirgəməyib. Bu gün biz sizinlə, siz də Azərbaycanla vidalaşırsınız. Amma inanırıq ki, bu vidalaşma müvəqqətidir. Biz sizə “hələlik” deyirik və sizi yenidən Azərbaycanda görmək arzusundayıq”.
IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin həmsədri, litvalı tələbə Salomeya Lukaite artıq ikinci dəfədir bu layihənin iştirakçısı olduğunu söyləyib və buradan əldə etdiyi təcrübənin əhəmiyyətini vurğulayıb: “Azərbaycan mənim üçün doğma ölkədir. Dostlarıma, həmkarlarıma bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında danışmaqdan yorulmuram. Çünki hazırda dünyada etnik və dini dözümsüzlüyün get-gedə artdığı, Avropanın multikulturalizmdən imtina etdiyi bir vaxtda Azərbaycanda multikulturalizmin dövlət siyasətinin aparıcı xətti və Azərbaycan xalqının çoxəsrlik həyat tərzi olması alqışlanası haldır. Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyevin güclü siyasi iradəsi əsas rol oynayır. Məhz buna görə də ilk növbədə Azərbaycanın Prezidentinə, eyni zamanda, təşkilatçı qurumlara beynəlxalq multikulturalizm məktəbi layihəsində iştirakımızı təmin etdiklərinə görə minnətdarlığımızı bildiririk”.
Salomeya Lukaite qeyd edib ki, 2016-cı ilin yayında fəaliyyətə başlayan “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinə xeyli sayda xarici ölkə gəncləri üzv olmaq üçün müraciət edirlər. Klub artıq Azərbaycan həqiqətlərini xarici ölkələrdə təbliğ etmək, beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mobil qruplar şəklində fəaliyyətini davam etdirir. Kamal Abdullayevin bizimlə görüşündə qeyd etdiyi kimi, indi Azərbaycanın həqiqətlərini dünyada onun dostları müdafiə edir.
Sonda qış məktəbinin iştirakçılarına sertifikatlar və Bilik Fondunun hədiyyələri təqdim edilib.
Bağlanış mərasimi bədii-musiqili proqramla yekunlaşıb.