İDMAN
“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotoalbom çapdan çıxıb
Fotoalboma AZƏRTAC-ın fotomüxbirlərinin Oyunlar zamanı çəkdikləri 60-dək fotoşəkil daxil edilib
Bakı, 7 dekabr, AZƏRTAC
“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotoalbom işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, fotoalboma 52 müəllifin 200-ə yaxın əsəri daxil edilib.
Nəfis şəkildə tərtib olunan nəşrdə Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ölkəmizdə yüksək səviyyədə keçirilən İslamiada ilə bağlı fikirləri yer alıb.
Gənclər və İdman Nazirliyinin mətbu orqanı “İdman” qəzetinin fotoqrafı Dilavər Nəcəfovun tərtibçisi olduğu fotoalbomda İslamiadanın möhtəşəm açılış və bağlanış mərasimlərini, eləcə də yarışların ən maraqlı anlarını, qaliblərin mükafatlandırılmasını əks etdirən fotoşəkillər toplanıb.
Fotoalboma Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotomüxbirlərinin IV İslam Həmrəyliyi Oyunları zamanı çəkdikləri 60-dək fotoşəkil də daxil olunub.
Qeyd edək ki, bu ilin iyulunda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, “Azəridmanservis” MMC-nin dəstəyi, AZƏRTAC-ın və “İdman” qəzetinin informasiya dəstəyi ilə Muzey Mərkəzində “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi keçirilib.