ELM VƏ TƏHSİL
IV İslam Həmrəyliyi Oyunları ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Maliyyə-İqtisad Kollecinin tələbələri ilə görüşüblər.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə kollecin direktoru Həmzə Ziyadov İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan həqiqətlərinin təbliğinə geniş imkanlar yaradacağını söyləyib. Azərbaycanın dünyanın qabaqcıl idman ölkələri sırasında layiqli yer tutduğunu deyən rektor vurğulayıb ki, ölkəmizdə belə idman yarışlarının təşkili bu mövqenin bir daha möhkəmlənməsinə xidmət edir.
Azərbaycanın dəfələrlə mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini söyləyən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev IV İslam Həmrəyliyi Oyunlarının dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcəyini diqqətə çatdırıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərini yüksək dəyərləndirən İ.Vəliyev bildirib ki, tədbir zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaqlar.
IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi Könül Nurullayeva vurğulayıb ki, uğurla başa çatmış ilk Avropa Oyunlarının ardınca ölkəmizdə növbəti İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. “Bakı-2015” ilk Avropa Oyunlarında qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında daha mütəşəkkil və daha mötəbər olacaq. 21 idman növü üzrə 57 dövlətin 6 minədək idmançısının mübarizə aparacağı Oyunların mayın 22-də başlanması nəzərdə tutulub.
Sonda IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.