ELM VƏ TƏHSİL
IV Respublika fənn müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 1 noyabr, P.İmanova, AZƏRTAC
Noyabrın 1-də Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva son illər ölkəmizdə təhsil sisteminin yenidən qurulmasının və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasının uğurla həyata keçirildiyini söyləyib. Bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən ölkədə istedadlı şagirdlərin müəyyənləşdirilməsi və onların akademik potensiallarının dəyərləndirilib inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülür. Bu istiqamət ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər sırasında dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Eləcə də istedadlı uşaqların respublika fənn müsabiqələrində, beynəlxalq olimpiada və yarışlarda qazandıqları uğurlar son illər təhsil sahəsində əldə olunan nailiyyətlər sırasındadır.
Diqqətə çatdırılıb ki, beynəlxalq fənn olimpiadalarında iştirak edən şagirdlərin yaş qrupunu nəzərə alaraq ölkəmizdə 4 ildir davamlı şəkildə orta yaşlı məktəblilər arasında fənn müsabiqələri keçirilir. Bu müsabiqələrin təşkilində əsas məqsəd istedadlı uşaqların üzə çıxarılması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyənləşdirilməsidir. Artıq beş ildir Azərbaycanda beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Təhsil nazirinin müvafiq əmrinə əsasən ölkənin 17 məktəbində 60 xüsusi istedad sinfi yaradılıb.
M.Vəliyeva qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev bildirib ki, 2017-2018-ci tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən IV Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə iki mərhələdə təşkil edilib. Müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar edərək onların potensiallarının daha da inkişafına, müxtəlif fənləri dərindən öyrənmələrinə şərait yaratmaqdır. Habelə onları təhsil nazirinin müvafiq əmrinə əsasən təşkil olunmuş beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə cəlb etməkdir. Diqqətə çatdırılıb ki, dörd ildir bu mərkəzlərdə şagirdlərin beynəlxalq olimpiadalara hazırlıq prosesi uğurla həyata keçirilir. Hazırda müxtəlif yaş qrupları üzrə 250-dən çox şagird həmin mərkəzlərdə xüsusi proqramlar çərçivəsində məşğələlərdə iştirak edir. Ötən illər keçirilmiş fənn müsabiqələrinin qalibləri müxtəlif beynəlxalq olimpiadalarda ölkəmizi və Azərbaycan təhsilini uğurla təmsil edirlər.
Sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 15.232, final mərhələsində isə 1.363 şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 169 nəfər qalib elan olunub. Onlardan 30-u qızıl, 56-sı gümüş, 83-ü isə bürünc medal qazanıb.
Tədbirdə, həmçinin nailiyyətləri ilə seçilən 13 ümumi təhsil müəssisəsinin rəhbərliyi təltif olunub.