Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“İXRAC MƏQSƏDLİ NEFT-QAZ FƏALİYYƏTİNƏ XÜSUSİ İQTİSADİ REJİMİN TƏTBİQİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN İCRASININ TƏMİN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci və 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 7.3-cü, 7.4-cü, 7.6-cı, 7.8.1-ci, 7.8.4-cü, 7.8.10-cu, 7.10-cu, 7.11-ci maddələrində, 7.11.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 7.11.3-cü maddəsində (hər iki halda), 7.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.13-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi həyata keçirir;

1.2. həmin Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

1.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

1.4. həmin Qanunun 7.11.4-cü maddəsində və 7.13-cü maddəsinin ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər;

1.5. həmin Qanunun 8.1.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirirlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin