Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İXRAC NEFT VƏ QAZ BORU KƏMƏRLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş”ə uyğun olaraq, hasilat və nəqletmə üçün bir sıra mühüm obyektlər tikilib istismara verilmişdir. Hasil olunan ilkin neftin ixracı Bakı-Novorossiysk və Bakı-Supsa ixrac neft kəmərləri ilə həyata keçirilir. 

Bununla əlaqədar ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, boru kəmərlərinin fasiləsiz və etibarlı işinin təşkili və uzunmüddətli kompleks tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Xam neftin ixracı ilə bağlı obyektlərlə yanaşı, tikilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin və qaz ixrac kəmərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya təşkil edilsin:

Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri (sədr)

Abid Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini (sədr müavini)

Vaqif Axundov – Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi

Məcid Kərimov – Azərbaycan Respublikasının yanacaq və energetika naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Nadir Əhmədov – Azərbaycan Respublikasının rabitə naziri

Elman Qənbərov – Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətinin rəisi

Natiq Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Tofiq Babayev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini

Elçin Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Məmməd Beydullayev – Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Tofiq Əliyev – Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi sədrinin müavini

2. Komissiyaya tapşırılsın ki, ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə bir ay müddətində kompleks tədbirlər planını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xam neftin ixracı üçün istifadə olunan boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi xidmət yaratsınlar və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə sıx qarşılıqlı əlaqə şəraitində boru kəmərlərinin səmərəli mühafizəsini təşkil etsinlər.

4. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi rayon və şəhər icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birlikdə ixrac boru kəmərlərinin və onların infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsini respublikanın inzibati ərazi bölgüsü prinsipi əsasında təşkil etsinlər.

5. Rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindən keçən Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsinə və tikinti aparılmasına yol verməməklə həmin kəmərlərin mühafizəsini təmin etsinlər.

6. Respublikanın nazirlik, idarə və təşkilatları ixrac boru kəmərlərinin fasiləsiz işləməsi və təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli üçün Komissiyaya lazımi kömək göstərsinlər.

7. Komissiya görülən işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin