REGİONLAR


IX Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb

Ağcabədi, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədi rayon Mədəniyyət Mərkəzində F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının konserti olub.

AZƏRTAC xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin, rayon ictimaiyyəti nümayəndələrinin, böyük bəstəkarın musiqisinin pərəstişkarlarının iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb.

Ansamblın bədii rəhbəri Xalq Artisti Ağaverdi Paşayev və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva çıxış edərək, böyük bəstəkarın şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Ü.Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. O, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Ü.Hacıbəyli, həmçinin felyetonlar, elmi-publisist məqalələr, dərsliklər yazıb, tərcümələr edib.

Diqqətə çatdırılıb ki, böyük bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 18-dən 26-dək davam edəcək.

Sonra Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin Ağcabədi şəhər incəsənət məktəbinin və “Qarabağ Muğam Mərkəzi”nin ifaçıları dahi bəstəkarın əsərlərindən parçalar, muğam və mahnılar, rəqslər təqdim ediblər. Konsert proqramı ağcabədili musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.