SİYASƏT


IX Qlobal Bakı Forumu çərçivəsində "Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi" mövzusunda müzakirələr aparılıb VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində iyunun 17-də "Dəyişən Avropa və Qərbi Balkanların təhlükəsizliyi" mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın və Amerika xarici siyasəti üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru Suzan Elliotun moderatorluğu ilə keçirilən panel iclasında Breksit və Avropada liberal demokratiyaların meydana gəlməsinin Avropa İttifaqının (Aİ) dünya səhnəsində oynamalı olduğu rola necə təsir edəcəyi, Avropa ilə onun qonşuları arasında hansı hərbi təhlükəsizlik mexanizmləri işlənib hazırlanması, ABŞ-ın və Rusiyanın yenicə təşəkkül tapan yeni quruluşda oynayacaqları rol, Aİ-nin Şərqi Avropada səmərəli sülh və təhlükəsizlik tədbirlərini səmərəli surətdə artırması, Aİ, Qərbi Balkan regionu və Cənubi Qafqaz arasındakı münasibətlər, həmçinin digər məsələlərlə bağlı fikir mübadilələri aparılıb.

Panel müzakirələrində əsas məruzəçi Albaniyanın Prezidenti İlir Meta, məruzəçilər Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Macarıstanın sabiq Baş naziri Peter Medgyessi, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişa iştirak ediblər.

Albaniya Prezidenti İlir Meta Avropa İttifaqının daha da genişlənə biləcəyini bildirib, Aİ-nin resurslarının məhdud olduğunu qeyd edib. İttifaqın özünəməxsus hərbi qüvvələri olduğunu diqqətə çatdıran Prezident İlir Meta deyib ki, NATO da Bosniya və Herseqovina ilə Kosovo arasında səmərəli dialoqun aparılmasına təşəbbüs göstərməlidir.

“Qarşımızda çoxlu çağırışlar var. Avropa İttifaqının siyasətində əsas məsələ əməkdaşlıq və sabitliyin təmin edilməsidir. Albaniya İttifaqın Qərbi Balkanadək genişlənməsinin tərəfdarıdır. Berlin prosesi Qərbi Balkan regionuna tətbiq olunmur. Biz düşünürük ki, bu, maliyyə çarxları vasitəsilə edilməlidir”, - deyə İ.Meta diqqətə çatdırıb.

Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç bildirib ki, Qərbi Balkan regionunda millətçilik azalmalı, Serbiya və Kosovo bir-birinin müstəqilliyini qarşılıqlı surətdə tanımalıdır. Həmçinin bu bölgədə korrupsiya aradan qaldırılmalı, iqtisadi və mədəni əlaqələr inkişaf etməlidir.

Onun sözlərinə görə, ABŞ və Aİ Qərbi Balkan ölkələrinə dəstək göstərə bilərlər. Ancaq əsas qərarlar region ölkələri tərəfindən verilməlidir. Avropa İttifaqının Qərbi Balkan ölkələrinə korrupsiya ilə mübarizədə kömək göstərməli olduğunu bildirən sabiq Prezident deyib ki, ABŞ da bu prosesdə region ölkələrinə yardım etməlidir.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç Qərbi Balkan regionunun davamlı inkişafının, sadəcə, qarşılıqlı hörmət əsasında baş verə biləcəyini bildirib.

“Serbiya Prezidenti olduğum müddətdə Avropa İttifaqında hər zaman inteqrasiyadan danışılıb. Avropa İttifaqına inteqrasiya üçün nə mümkündürsə, onu da edirik. İndi Avropa İttifaqı deyir ki, biz Qərbi Balkan regionuna daha çox diqqət göstərməliyik”, - deyə B.Tadiç qeyd edib.

Macarıstanın sabiq Baş naziri Peter Medgyessi Qərbi Balkan ölkələrinin Avropa İttifaqına qatılması ilə bağlı fikirlərini bölüşərək deyib: “Qərbi Balkan ölkələrinin təhlükəsizliyindən danışarkən Aİ-nin də təhlükəsizliyini düşünməliyik. Biz, ilk növbədə, yeni dünya nizamı barədə danışmalıyıq. Bəyan etməliyik ki, ABŞ bizim üçün vacib oyunçudur və bu, belə də qalacaq. Biz çoxqütblü dünyaya yaxınlaşırıq və vəziyyətin tənzimlənməsi üçün bir təsisat yaradılmalıdır”.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç isə qeyd edib ki, baş verən münaqişələr dünya nizamına ziyan vurur. Aİ münaqişələrin həlli istiqamətində ən layiqli siyasəti yürütməlidir. “Artıq 10 ildir Monteneqroda genişlənmə prosesi davam edir. Monteneqro demək olar ki, Aİ standartlarına uyğunlaşıb və artıq Avropa İttifaqına qəbul edilməlidir”, - deyə sabiq Prezident bildirib.

F.Vuyanoviç, həmçinin Qərbi Balkan ölkələrində ümumi ticarət bazarının açılmasının vacibliyini vurğulayıb.

Albaniyanın sabiq Prezidenti və Baş naziri Sali Berişa Qərbi Balkan regionunun böyük inkişaf əldə etsə də, təhlükəsizliyinin hələ də yüksək səviyyədə olmadığını qeyd edib. O bildirib ki, region ölkələrində millətçilik mövcuddur və bu, münaqişəni alovlandırır.

“Düşünürəm ki, Serbiya ilə Bosniya və Herseqovina arasında müqavilə çox vacibdir. Biz regiondakı problemləri öz aramızda həll etməliyik”, - deyə S.Berişa vurğulayıb.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq.

Konfrans öz işini iyunun 18-də başa çatdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.