Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ

Prezident kim ola bilər? Müxalifət nəyə can atır?

Nə qədər adamın səsvermə Taxta qutuları nə üçün şüşə

hüququ var? qutularla əvəz edəcəklər?

İnsan yaxşılığa və sabitliyə çox tez öyrəşir, pis olan unudulur. Tamamilə unudulmasa da, hər halda, vaxt keçdikcə, əvvəllərdəki kimi çox da kəskin və ağrılı-acılı hiss edilmir. İnsanın təbiəti belədir.

Son illər Azərbaycanda pisdən yaxşılığa keçidə doğru dönüşün baş verməsi göz qabağındadır. İnsanlar artıq dinc və sabit həyatın bəhrələrini dadmışlar. Ona görə də iqtidarın indiki səylərini bəziləri yetərli saymırlar. İstəyirlər ki, bundan da yaxşı və daha çox olsun.

Ötən günləri çoxları artıq unutmuşlar. Unutmuşlar ki, gedən qatarımızın yolu qurtarmış və o, uçuruma dirənmişdi.

Azərbaycanda çoxları İttifaqın süqutundan sonra nələr baş verdiyini də bir o qədər xatırlamaq istəmirlər. Kütlənin səbirsizliyindən və dözümsüzlüyündən kükrəyib-coşan respublika az qala uçuruma yuvarlanacaqdı. Nəticə aydın idi: ölkə cəhənnəm içində olmasa da, onun qapısında idi. Buna şübhə yox idi.

Bəzən dönüb arxaya baxmaq və keçmişdə olanları xatırlamaq faydalıdır. O faciəli günlərin keçmişdə qaldığını yəqin etmək üçün bu günə dərindən nəzər salmaq lazımdır. O fəlakətli günlərin bir daha təkrar olmaması üçün nə etmək barədə düşünmək lazımdır.

Belə düşüncələrdən sonra bu günün qədir-qiyməti qat-qat artır. Əlbəttə, problemlər və məsələlər də unudulmur.

Sözümüzün canı ondadır ki, hər bir ölkənin inkişaf üçün öz imkanları, öz resursları var. Azərbaycan da bu baxımdan istisna deyildir. Əslinə qalsa, sabitləşmə, daxili siyasi və iqtisadi qarmaqarışıqlığın nəticələrinin aradan qaldırılması dövründən sonra Azərbaycan tarazlı inkişaf proqramını ancaq son bir neçə ildə ehtiyatla həyata keçirməyə başlamışdır. Neft sahəsində belə proqram artıq sanballı məbləğdə sərmayələrlə təmin edilsə də, iqtisadiyyatın qalan sektorlarında vəziyyət hələ arzu edilən səviyyədə deyildir. Köhnə iqtisadiyyatın sökülməsi təsərrüfat həyatını liberallaşdırmaq sahəsində misilsiz tədbirlərlə yanaşı gedir.

Bu isə həm vaxt, həm də maliyyə ehtiyatları, maddi ehtiyatlar cəlb olunmasını tələb edir.

Bu, düzgün, yoxsa yanlış xətdir? Ölkə düz yoldadırmı? Bu suallar qarşıdakı aylarda tez-tez səslənəcəkdir? Özü də, oktyabrda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, daha ucadan səslənəcəkdir.

Azərbaycan seçkiqabağı mübarizəyə qədəm qoyur. Heydər Əliyev siyasəti opponentlərinin, əslində, bir başağrısı var ki, bu da Əliyevin özüdür. Ona hər hansı bir cinahdan hücum etmək cəhdləri baş tutmayacaqdır. İndiki Prezidentin sanballı üstünlükləri çoxdur, elə iqtisadiyyatda yaxşılığa doğru açıq-aşkar irəliləyişlər göz qabağındadır. Bu yaxınlarda ABŞ-dan vətənə qayıtdıqdan sonra o, hamıya heyrətamiz təmkinlik və öz qüvvəsinə inam nümayiş etdirdi.

“İzvestiya- Azərbaycan”ın bugünkü buraxılışının əsas materialı - “İntellekt” mərkəzinin bizim sifarişimizlə hazırladığı analitik material respublikada siyasi qüvvələrin nisbəti, müxalifət partiyaları və onların nəyə qadir olması barədədir.

MƏZAHİR PƏNAHOV,

MSK-nın sədri:

SEÇİCİLƏRİN HÜQUQLARI HƏR ŞEYDƏN ÜSTÜNDÜR

Oktyabrda Azərbaycan dövlət başçısını seçəcək. Mərkəzi Seçki Komissiyası artıq ilin bu ən mühüm siyasi hadisəsinə ilkin hazırlıq işlərinə başlamışdır. Budəfəki prezident seçkilərinin öz xüsusiyyətləri var. Azərbaycan MSK-nın sədri Məzahir PƏNAHOVLA söhbətimiz də elə bu barədədir.

- Seçkiqabağı yürüş artıq başlanmışdırmı?

- Qeyri-rəsmi olaraq, bəli, artıq başlanmışdır. Siyasi partiyaların və digər ictimai təşkilatların artmaqda olan fəallığından görünür ki, maraqlı tərəflər artıq yürüşə başlamışlar.

- Namizədlər Mərkəzi Seçki Komissiyasına müraciət etmişlərmi?

- Hələlik yox. Səbəbini də izah edim. Vəziyyət belədir. Parlament yeni Seçki Məcəlləsini yalnız aprelin ortalarında – gözlənildiyinə görə aprelin 17-də - təsdiq edəcəkdir. Əslində, praktiki iş yalnız bundan sonra başlanacaqdır. Prezident seçkilərinin keçirilməsi vaxtı da məlum olacaqdır.

- Ən çox ehtimal olunan vaxt hansıdır?

- Aydındır ki, seçkilər oktyabrda olacaq. Çox güman ki, ayın 15-də, ya da 17-də.

- Namizədlərin rəsmən irəli sürülməsinə nə vaxt başlanacaq?

- Prinsip etibarilə, dövlət başçısı vəzifəsinə səsə qoyulmaq və namizədliyini irəli sürmək arzusunu elə indi də bildirmək olar. MSK-da sənədlərin rəsmən hazırlanması seçkilərə 120 gün qalmış başlanacaqdır. Əslində, bu, prezident seçkilərinə rəsmən başlanması demək olacaqdır.

- Yeni Seçki Məcəlləsinə ehtiyac nədən irəli gəlmişdir? Onun zəruriliyi nədədir? O, əvvəlkindən nə ilə fərqlənir?

- Ölkəmiz bir yerdə dayanmır, inkişaf edir, demokratiyaya doğru yarı yolda dayanmaq fikrində deyildir. Yeni Seçki Məcəlləsi hərtərəfli sənəddir. O, bütün səviyyələrdə seçkiləri - prezident, parlament seçkiləri, yerli orqanlara seçkilər və referendumlar keçirilməsini əhatə edir. Bu, həm seçicilər və həm də seçilmək istəyənlər üçün, bir növ, əlifbadır. Bu sənəd Azərbaycan üçün çox vacibdir, müasirdir, bütün ölkələrin təcrübəsini nəzərdə tutur və gələcəyə yönəlmişdir. Orada elə bəndlər var ki, ölkəmizdə demokratik əsasları bundan sonra da inkişaf etdirməyə və möhkəmləndirməyə imkan verəcəkdir.

- Məcəllənin hazırlanmasında kimlər iştirak etmişdir?

- Onu hazırlayanlar təkcə bizim mütəxəssislər deyillər. Bu sənəd beynəlxalq səylərin, ilk növbədə, Avropa təşkilatlarının səylərinin bəhrəsidir. Bunlar həm Avropa Şurası, həm ATƏT, həm də digər təşkilatlardır. Məcəllənin demokratik standartlara uyğun olub-olmaması çox ciddi ekspertizadan keçmişdir.

- Bununla belə, məcəllə Azərbaycanda diskussiyalara səbəb olmuşdur. Müxalifət narazılığını bildirir. Mübahisələrin mahiyyəti nədir?

- Bunlar, ümumən, seçki komissiyalarının yaradılması prinsipi ilə bağlıdır. Komissiyaları paritet əsasında, siyasi qüvvələrin parlamentdə təmsil olunduğu kimi yaratmaq təklif olunur: 1/3 - əksəriyyət, 1/3 – müxalifət, 1/3 – müstəqillər, bitərəflər. Müxalifət isə 50-nin 50-yə nisbətini tələb edir. Halbuki, parlamentdə bu və ya digər siyasi qüvvələrin xüsusi çəkisi kəskin surətdə fərqlənir.

- Bəs müstəqillər, bitərəflər necə olsun?

- Müxalifət onları əhalinin passiv hissəsinin nümayəndələri kimi qəbul edir, buna görə də guya onlar seçki komissiyalarında təmsil oluna bilməzlər.

- Bu gün Azərbaycanda neçə partiya var?

- 40-dan çoxdur.

- Bəs onların üzvlərinin sayı nə qədərdir?

- Bizdə 4 milyondan çox seçici vardır. Hətta iqtidarda olan Yeni Azərbaycan Partiyasının 250 min üzvü də daxil olmaqla, onların təxminən 500 mini ayrı-ayrı partiyaların üzvləridir.

- Belə çıxır ki, müxalifət seçicilərin əksəriyyətinin nümayəndələrini seçki komissiyalarından “kənarda qoyur”?

- Bəli, belə çıxır. Axı, seçicilərin yalnız onda bir hissəsi partiyalarla bağlıdır, deməli, yerdə qalanları müstəqildir. Buna passiv hissə demək olar?!

2003-CÜ İL SEÇKİLƏRİNDƏ TEXNİKİ YENİLİKLƏR

Azərbaycanda seçicilər, ilk dəfə olaraq, səsvermə zamanı şəffaf qutulardan istifadə edəcəklər. Bu sırf texniki yenilik də cürbəcür pozuntuların qarşısını almağa imkan verəcəkdir. Müşahidəçilər bütün seçki günü ərzində həmin qutulara nə qədər bülleten atıldığını izləmək və deməli, seçicilərin fəallığını obyektiv qiymətləndirmək imkanı əldə edəcəklər.

Digər yenilik bülleteni qutuya salmazdan əvvəl onu mütləq zərfə qoymaq tələbidir. Bu tədbir bir neçə bülletenlərin birdən qutuya topa ilə atılmasının qarşısını alacaqdır.

Daha bir yenilik – hər bir seçki bülleteninin küncündə üstündə nömrə yazılmış və qutuya salınmazdan əvvəl kəsilib atılacaq hissə olacaqdır. Bu, kəsilmiş talonların nömrələrinə əsasən, əslində, nə qədər adamın səs verdiyini müəyyən etməyə və səs vermiş seçicilərin sayı ilə qutuya salınmış bülletenlərin sayını tutuşdurmağa imkan verəcəkdir.

SEÇKİ KOMİSSİYALARININ TƏRKİBİ

Seçki Məcəlləsi layihəsinə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi parlament tərəfindən seçilir və daimi fəaliyyət göstərən 18 üzvdən, habelə seçkilər vaxtı işləyən üç üzvdən ibarətdir. Yəni cəmi 21 adam olacaqdır.

Yeni layihəyə görə, dairə komissiyalarının heyəti də daimi əsasda işləməli və 9 üzvdən ibarət olmalıdır. Bu prinsip məntəqə komissiyalarına da şamil olunur. Onların 6 üzvdən ibarət olacağı ehtimal edilir.

İNSANLAR ÖZ HÜQUQLARI VƏ SEÇKİLƏR

HAQQINDA NƏYİ BİLMƏLİDİR

1. Azərbaycanda neçə partiya var

Respublika Ədliyyə Nazirliyinin məlumatına görə, 2003-cü ilin martına onların sayı 40-dan çoxdur, daha dəqiq desək, 42 partiya qeydiyyatdan keçmişdir. Əsas partiyalar 7-dir.

1. Yeni Azərbaycan Partiyası. Heydər Əliyev başçılıq edir.

2. Azərbaycan Xalq Cəbhəsi Partiyası. Hərəsinin öz lideri olan 3 cinaha ayrılır: birincisinə Əli Kərimov, ikincisinə Mirmahmud Fəttayev, üçüncüsünə Qüdrət Həsənquliyev başçılıq edir.

3. Musavat Partiyası. Lideri İsa Qəmbərdir.

4. Azərbaycan Demokrat Partiyası. Başçısı Rəsul Quliyevdir.

5. Azərbaycan Milli İstiqlal Partiyası. Birinci şəxsi Etibar Məmmədovdur.

6. Azərbaycan Liberal Partiyası. Partiyaya Lalə Hacıyeva başçılıq edir.

7. Ədalət Partiyası. Partiyaya İlyas İsmayılov başçılıq edir.

2. Prezident seçkiləri

Azərbaycan Prezidenti birbaşa və gizli səsvermə yolu ilə seçilir.

Partiyaların və digər ictimai təşkilatların prezidentliyə namizəd irəli sürmək hüququ vardır. Dövlət başçısı vəzifəsinə namizəd üçün aşağı yaş həddi 35 yaşdır. Dövlət başçısının səlahiyyət müddəti 5 ildir.

5. Seçki hüququ

18 yaşına çatmış, Azərbaycan Respublikasının vətəndaşlığı və respublikada daimi yaşayış yeri olan hər bir Azərbaycan vətəndaşının seçki hüququ vardır. 25 yaşına çatmış şəxslər bütün səviyyələrdə ümumxalq nümayəndəliklərinə seçilmək hüququna malikdir.

6. Hədd ləğv olunmuşdur

1998-ci ildən ölkədə mövcud olan qaydaya görə, parlamentdə təmsil olunmaq istəyən partiyalar altı faiz səs toplamalı idilər. Azərbaycan nisbətən kiçik respublikadır, partiyalar isə çoxdur. Yerli milli–tarixi xüsusiyyətlər nəzərə alınaraq, 2002-ci ildən majoritar sistem tətbiq olunmuşdur.

7. Əvvəlki seçkilər

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra 1995 və 2000-ci illərdə ölkədə parlament seçkiləri, 1998-ci ildə prezident seçkiləri, 2002-ci ildə Konstitusiyaya dəyişikliklər edilməsinə dair referendum keçirilmişdir.

8. Neçə imza toplamaq lazimdir

Yeni Seçki Məcəlləsinin layihəsinə görə, prezident vəzifəsinə namizədliyini irəli sürmək üçün 45 min imza toplamaq lazımdır. İmzaların bir hissəsi etibarsız sayılsa, girov qoymaq lazımdır. Bu, dollar hesabı ilə götürdükdə, təxminən 8 mindir. Çoxları bunu həddindən artıq liberal hesab edir. Lakin opponentlər minimum əmək haqqının miqdarına istinad edərək, bunun azaldılmasında təkid edirlər.

9. Neçə seçki dairəsi vardir

Azərbaycan ərazisi keçmiş sxemlə 100 seçki dairəsinə bölünmüşdür. Yeni Seçki Məcəlləsi qəbul edildikdən sonra onların sayı dəyişəcəkdir. Yeni qaydalara görə, vəziyyət dəyişdikcə dairələrin sərhədlərinə də yenidən baxılacaqdır. Azərbaycan insanların, əmək ehtiyatlarının sərbəst yerdəyişməsi baxımından çox mobil ölkə olmaqdadır.

10. Xaricdə necə səs verəcəklər

Respublikanın hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları, bir qayda olaraq, səfirliklərdəki seçki məntəqələrində səs verirlər. Lakin son 10 il ərzində Azərbaycan vətəndaşları “yığcam şəkildə” heç də təkcə paytaxtlarda yaşamırlar. Bu yenilik Mərkəzi Seçki Komissiyası üçün daha bir çətinlik doğurur. Bu problemin necə həll ediləcəyi hələlik məlum deyildir. Lakin başqa ölkələrin təcrübəsinə əsasən belə demək olar: belə hallarda, adətən, məktub vasitəsilə səs verirlər. Azərbaycanlıların başqa ölkələrdə öz icmalarını yaratdıqlarını, - onlar, bir qayda olaraq, öz həmvətənlərini diqqətdən qaçırmırlar, - nəzərə alaraq, konstitusiya hüquqlarını elə həmin təşkilatlar vasitəsilə də təmin etmək olardı.

 

Xarici ekspertlərin rəyi

Azərbaycanın yeni Seçki Məcəlləsi hüquqşünasların, seçki hüququ sahəsində peşəkarların ciddi ekspertizasından keçmişdir. Ekspertlər nüfuzlu beynəlxalq təşkilatları – Avropa Şurasını, ATƏT-i, Avropa Şurasının Venesiya Komissiyasını, İFES-i təmsil edirlər.

Layihənin təkmilləşdirilməsi prosesində iradların 85-90 faizi nəzərə alınmışdır.

Berret LİBERMAN (İFES, ABŞ) :

-Bizə elə gəlir ki, layihə məqbuldur. Sənədi hazırlayanların bizim iradlarımıza açıq və minnətdarlıqla yanaşmalarından məmnunuq. Hakimiyyət orqanları diskussiyalar üçün hər cür şərait yaratmışdır. Cəmiyyətdəki siyasi qüvvələrin heç də hamısının bu layihəni, hər halda, onun bir sıra müddəalarını qəbul etməməsi isə başqa məsələdir.

Nikolay VULÇANOV (ATƏT):

-Layihə “dəyirmi masa”larda, o cümlədən müxalifət qüvvələrinin iştirakı ilə dəfələrlə müzakirə olunmuşdur. Hakimiyyət orqanları da fevralın sonunda elmi konfrans təşkil etmiş, orada hamıya öz fikrini bildirmək imkanı verilmişdir. Sənəd, bəlkə də, ideal deyildir, lakin beynəlxalq standartlara uyğundur. Həmin sənəd əsasında işləmək və bütün seçki prosesinə nəzarət etmək olar.

Qay MİXALEV (Avropa Şurası Venesiya Komissiyası):

- Biz hesab edirik ki, yeni Seçki Məcəlləsi əsasında demokratik seçkilər keçirmək olar. Bu sənəd beynəlxalq hüquq normalarına və demokratik prosedurlara cavab verir. Təəssüf ki, seçki komissiyalarının formalaşdırılması prinsiplərinə münasibətdə Azərbaycan cəmiyyəti daxilində konsensusa gəlmək mümkün olmadı. Lakin bu, artıq Azərbaycanın özünün daxili işidir. Yeri gəlmişkən, bu komissiyaları necə formalaşdırmaq barədə beynəlxalq standartlar yoxdur. Hər ölkə bu məsələyə özü bildiyi kimi yanaşır.

“İZVESTİYA”NIN ARAYIŞI

İFES – Beynəlxalq Seçki Sistemləri Fondudur. Seçki hüququ və seçki prosedurları sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Bütün dünyada, Azərbaycanda isə 1995-ci ildən fəaliyyət göstərir.

Avropa Şurasının Venesiya Komissiyası hüququn müxtəlif sahələrində mütəxəssislər qrupunu birləşdirir. Daha sadə desək, hüquq məsləhətləri, tövsiyələr verən, Avropa Şurasının fəaliyyəti ilə bağlı hüquqi ekspertizalar keçirən ”böyük hüquq şöbəsi”dir.

 

AZƏRBAYCANDA 2003-CÜ İLİN PREZİDENT SEÇKİLƏRİ: NAMİZƏDLƏR, REALLIQLAR, PERSPEKTİVLƏR ÜÇLÜK, ALTILIQ, TUZ

2003-cü il Azərbaycanda prezident seçkiləri ilidir. Oktyabrda xalq “öz taleyini və dövlət idarəçiliyini növbəti beş ildə kimə etibar etməli” sualına aydınlıq gətirməlidir. İndi istər Azərbaycan cəmiyyəti üçün, istərsə də Azərbaycanda və ümumən, regionda marağı olan müxtəlif beynəlxalq dairələr üçün bu öncül əhəmiyyətli mövzunun aktuallığı günbəgün artır. Azərbaycanda prezident seçkilərinə xüsusi maraq göstərilməsini şərtləndirən başlıca səbəb isə, onunla bağlıdır ki, bu dövlət hələ gəncdir və onun taleyi yaxın 10-15 ildə dövlətçilik xəttinin istiqamətindən həlledici dərəcədə asılıdır. Bu mənada söhbət tarixi seçimdən və tarixi məsuliyyətdən gedir.

Azərbaycan artıq sivil dünyanın bir parçası olduğundan, dünya da bu ölkədəki seçkilərdə maraqlı tərəflərdən birinə çevrilmişdir. Bu marağı ölkənin daxili işlərinə müdaxilə cəhdi, yaxud belə bir müdaxilənin təzahürü kimi qiymətləndirmək birmənalı şəkildə səhv olardı. Çünki hər bir xalqın özünə dövlət başçısı, parlament, hökumət seçmək və bunu tamamilə azad bir şəkildə etmək haqqı çağdaş dünya tərəfindən təbii hüquq kimi qəbul olunur. Deməli, çağdaş dünyanın təklif və təlqin etdiyi demokratiyanın təməl prinsipi də elə budur. Bu mənada heç kim, heç bir qüvvə Azərbaycan xalqının həmin hüququna, onun siyasi iradəsinə qarşı çıxmayacaq və çıxa da bilməz. Hər halda, kimə səs vermək məsələsini Azərbaycan seçicisi özü həll edəcəkdir.

DÖYÜŞ ƏRƏFƏSİNDƏKİ MƏNZƏRƏ

Aparıcı dövlətlərin bu regionda, şübhəsiz, ciddi maraqları var. Avropa Birliyinin ayrı-ayrı strukturları, NATO və MDB, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi nəhəng maliyyə qurumları da bu regionda baş verən hadisələrə biganə qalmadıqlarını açıq mətnlə bəyan edir, öz maraqlarını ortaya qoyurlar. Azərbaycan isə regionun aparıcı dövlətidir. Həmin beynəlxalq təşkilatlar Cənubi Qafqaz regionunda yalnız bir şey – davamlı sabitlik olmasını istəyirlər. Azərbaycanla tərəfdaşlıq edən dairələr bu ölkəni bölgədə belə bir sabitliyin təminatçısı kimi gördüklərini gizlətmirlər. Deməli, məsələ, əslində, tam aydındır: Azərbaycanın indiki və gələcək idarəçilərinin kim olacağı məsələsi onlardan ötrü həddindən artıq əhəmiyyətli məsələdir.

Təbii ki, bu, marağı olan bütün tərəfləri seçkilər ərəfəsində fəallığı artırmağa sövq edir. Belə ki, əldə olan məlumata görə, hələ ötən ilin sonlarından etibarən Türkiyənin, İranın, Rusiyanın, ABŞ-ın və ümumən, Qərbin xüsusi xidmət orqanları öz dövlətlərinin Azərbaycandakı maraqlarının ifadəçisi olan qurumların vasitəçiliyi ilə ciddi araşdırmalar apararaq, ölkənin gələcək taleyini müəyyənləşdirəcək seçicilərin rəyini incəliklərinə qədər öyrənməyə, elektoratın bugünkü durumunun həm iqtisadi, həm də psixoloji mənzərəsini aydınlaşdırmağa çalışıblar.

Araşdırmalar göstərir ki, Qərbi, Rusiyanı, İranı və Türkiyəni, ilk növbədə, azərbaycanlı seçicilərin qarşıdan gələn seçkilərdə öz namizədliyini irəli sürəcəyi güman edilən namizədlərdən kimə üstünlük verəcəyi və bunu hansı mülahizələr əsasında edəcəyi məsələsi maraqlandırmışdır. Sorğuların ortaya çıxardığı cavab öz realizmi ilə seçilir. Belə ki, respondentlərin öz istəklərini ifadə edərkən müəyyənləşdirdikləri cizgilər elektoratın birmənalı şəkildə Azərbaycanın indiki Prezidenti Heydər Əliyevə, yaxud Prezidentin siyasi xəttini davam etdirəcək namizədə üstünlük verdiyini söyləməyə əsas verir. Bu istəyin statistik göstəricisinin sorğunu təşkil edən dairələrin imkanlarına uyğun seçdikləri bölgələrdən və kontingentdən asılı olaraq 55-62 faiz intervalında dəyişməsi isə ilkin qənaətlərə gəlməyə imkan yaradır.

Belə ki, əvvəla, səsvermə günü seçicilərin fəallığının daha yüksək olacağını nəzərə alanda, bu rəqəmin sürətlə artma ehtimalı da adekvat şəkildə böyüyür.

Azərbaycanda seçkilərlə bağlı 2002-ci ilin avqustunda Türkiyənin “Zaman” qəzetində dərc edilmiş baş məqalədəki bir fikri xatırlatmaq yerinə düşərdi. Qəzet Heydər Əliyev ilə müxalifətin birləşmiş gücü arasında müqayisə apararaq və Heydər Əliyevin elektoral imkanlarının həddindən artıq geniş olduğunu vurğulayaraq yazırdı: “Müxalifət Heydər Əliyevin ziddinə heç bir iş görə bilməz. Çünki onun ölkəsindəki nüfuzu beynəlxalq təşkilatların və müxalifət partiyalarının nüfuzundan daha yüksəkdir. Heydər Əliyevin səsi gələn yerə bir göz qırpımında yüz minlərlə insan toplaşır. Fəqət, müxalifət partiyaları toplu halında, hətta bir ay hazırlaşdıqdan sonra belə, meydana Heydər Əliyevin gətirdiyi insanlardan on qatdan da azını toplaya bilmirlər”.

Bu reallıqdan və Heydər Əliyevin 1998-ci il prezident seçkiləri zamanı əsas götürdüyü seçkiqabağı təbliğat metodlarının orijinallığı kontekstindən çıxış edərək demək mümkündür ki, Heydər Əliyevin elektorata ünvanlanmış bir neçə müraciətinin, seçici korpusu ilə bir neçə görüşünün həmin 55-62 faiz həddinin sürətlə artımı yönündə təkanverici qüvvə rolu oynayacağı ehtimalı çox yüksəkdir. Hər halda, ötən seçkilər bunun məhz belə olduğunu göstərmişdir.

Digər tərəfdən, seçici rəğbəti hətta 62 faiz həddində qalsa belə, bunu Azərbaycanın yeni seçki qanunvericiliyi baxımından yetərli saymaq olar. Çünki seçkilərin qalibi sadə səs çoxluğu ilə müəyyən ediləcəkdir.

Xarici təşkilatların apardığı sorğuların nəticələri daha bir maraqlı məqamı üzə çıxarmışdır. “Hakimiyyətə iddialı olan müxalifət nümayəndələrinə münasibətinizdə hansı amillər həlledici rol oynayır?” sualına rəyi soruşulanların verdiyi cavablar göstərir ki, hakimiyyət iddiasında olan müxalifət liderlərinin 2003-cü il seçkilərində elə bir ciddi şansları yoxdur. Seçici korpusu ölkə müxalifətinin aparıcı nümayəndələrinin keyfiyyət göstəricilərinin əsasən mənfi işarəli olmasına xüsusi diqqət yetirmişdir.

ÜÇLÜK

Məlumdur ki, siyasi müşahidəçilərin və müxalifət liderlərinin elə öz açıqlamaları Müsavat Partiyasının başçısı İsa Qəmbəri, Liberal Partiyasının sədri Lalə-Şövkət Hacıyevanı, Demokrat Partiyasının sədri Rəsul Quliyevi 2003-cü il seçkilərində müxalifət düşərgəsindən siyasi yarışmaya qatılacaq əsas namizədlər kimi xarakterizə etməyə əsas verir.

Lakin sorğu iştirakçılarının mütləq əksəriyyəti İsa Qəmbərin, Lalə-Şövkət Hacıyevanın, Rəsul Quliyevin namizədliklərini birmənalı şəkildə rədd etmişdir. Bunu şərtləndirən amillər çoxdur.

Söhbət, ilk öncə, müxalifətin keyfiyyətinin elektoratı qane etməməsindən gedir.

 

AXİLLES DABANİ

Azərbaycan müxalifətinin:

- spontan təbiətə malik olması və ya siyasi-ideoloji cəhətdən qeyri-yekcinsliyi;

- öz siyasi maraqlarını axıradək müəyyən və ifadə edə bilməməsi;

- ideoloji cəhətdən yetişməməsi;

- milli maraqlar qarşısında məsuliyyət hissindən uzaq olması;

- nə istədiyini bilməməsi, xalqdan və onun problemlərindən sürətlə uzaqlaşması;

- hakimiyyət naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə, hətta milli düşmənlərlə də birləşməyə hazır olması;

- bu düşərgədə daxili intriqaların və qarşılıqlı ittihamlar kampaniyasının gündəlik həyat tərzinə çevrilməsi;

- monolitlik göstərə bilməməsi;

- milli maraqları öz siyasi maraqlarından aşağı tutması;

- ucuz populizmə və primitiv təbliğat metodlarına üstünlük verməsi;

- qeyri-sabitlik göstərməsi və sabitqədəm olmaması;

- iddiaları ilə imkanları arasındakı uçurumun gündən-günə dərinləşməsi;

- şəxsi və qrup maraqlarının girovuna çevrilməsi;

- müxalif partiyalar daxilindəki ziddiyyətlərin xroniki hala çevrilməsi və onların aradan qaldırılmasının artıq mümkün olmaması;

- düşərgədaxili münasibətlər müstəvisində müşahidə edilən amoral davranışı;

- ekstremal hallarda optimal çıxış yolunu tapmaq bacarığının olmaması;

- intellektual imkanlarının və kadr potensialının yetərsizliyi;

- siyasi əxlaq anlayışını bir kənara atması və lazımi siyasi mədəniyyətə malik olmaması;

- aydın ifadə edilmiş konsepsiyaya və fəaliyyət proqramına malik olmaması;

- dövləti idarə etmək təcrübəsinin olmaması;

- rasional, realist və praqmatik ideyalar irəli sürmək sahəsində sıfır göstəriciyə malik olması;

- ictimai-siyasi hadisələri qiymətləndirmədə ifratçılığa yol verməsi;

hakimiyytin bütün müsbət addımlarını aşkar qərəzlə qaşılaması və s. kimi mənfi cəhətlərini orta statistik azərbaycanlı hər gün müşahidə edir.

Şərti reflekslər

Rəyi soruşulan respondentlərin fikrincə, müxalifətin hər hansı seçkidə qələbə qazanmasını istisna edən mənfi cəhətləri ümumiləşdirilmiş şəkildə aşağıdakılardan ibarətdir.

1. İfrat radikallıq. Müxalifətin əsas xüsusiyyəti onun destruktiv-pozucu xarakterli qüvvə kimi çıxış etməsidir. Müxalifət baş verənlərə reallıq hissini əsas götürməklə loyal yanaşmaq və hər şeyi öz adı ilə çağırmaq əvəzinə, radikal inkarçılıq və nihilizm yolu tutur. Bu düşərgə üçün sanki bir prinsip var: hakimiyyətin atdığı müsbət addımlar da pisdir, çünki onlar hakimiyyətə məxsusdur. Təzad burasındadır ki, radikal ovqatlı bu qüvvələr dövlətçilik məfhumuna münasibətdə də belə yüngül siyasi əxlaq və cinayətə bərabər məsuliyyətsizlik nümayiş etdirirlər.

Müxalifətin belə ifrat inkarçılığı və radikalizmi birdən-birə yaranmayıbdır. Həmin qüvvələrin partiya, qrup kimi formalaşdığı mərhələni nəzərə alsaq, onların bu mənfi siyasi keyfiyyətinin köklərinin haradan gəldiyini anlamaq çətin olmaz. Hazırda müxalifətdə olan qüvvələr 1990-cı illərin əvvəllərində siyasət meydanına çıxmış siyasi özfəaliyyətin təmsilçiləridir. Onları o dövrdə yalnız bir məqsəd birləşdirirdi – köhnə sistemi dağıtmaq. Dağıdıcılıq xisləti həmin dövrdən ötüb keçən 12-13 ildə də onları tərk etməyibdir.

Bu adamların çoxu uzunmüddətli dövlət idarəçiliyində olmamışdır. Hakimiyyətdə olanda da, özlərinin təhtəlşüurunda ilişib qalmış impulsların – dağıdıcılıq instinktinin təsiri altında fəaliyyət göstərmişlər. İndiki müxalifət liderləri müstəqillik ərəfəsində də, ondan sonrakı aylarda da müxalifətdə idilər. Onlar o zaman vəziyyətə nəzarət uğrunda mübarizə aparır və uğur qazanmaq üçün yalnız qarşıdurma, süni gərginlik və ekstremal şərait yaratmaq taktikasından istifadə edirdilər. Siyasi mübarizədə “küçə mübarizəsi” taktikası, tətillər və mitinqlər təşkil etməklə siyasi opponenti sarsıtmaq və öz şərtlərini diqtə etmək üsulu 12-13 il əvvəlki mərhələdə müxalifətə, bəlkə də, hansısa müsbət nəticə verirdi. İndi isə bundan söhbət belə gedə bilməz. Çünki siyasi şərait çox fərqlidir. O zaman köhnə qaydalardan xilas olmağa ictimai maraq vardı, belə dağıdıcı addımlar ictimai şüurda haradasa qəbul edilirdi. Çünki müstəqil milli dövlət qurmağın vacibliyi səbəbindən bunu əsaslandırmaq mümkün idi. Bəs indi nəyi və niyə dağıtmalı?

Beləliklə, bu gün Azərbaycanda hakimiyyətə iddialı müxalifət liderləri 90-cı illərin səviyyəsində ilişib qalıblar. İndiki dövr quruculuq dövrüdür və konstruktiv təklif və proqramlar, mütərəqqi ideya və konsepsiyalar irəli sürməyi zəruri edir. Müxalifət isə məhz bu məsələdə “siyasi qısırlıq”dan əziyyət çəkir. Bu düşərgənin real dövlət quruculuğu ilə məşğul olan hakimiyyətin hətta xarici ekspertlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilən uğurlarını gözdən salmaq, təftiş etmək istiqamətindəki cəhdləri, ardıcıl şəkildə törətdiyi siyasi-ideoloji təxribatlar, hakimiyyətə münasibətdə açıq düşmənçilik mövqeyindən çıxış etməsi, hakimiyyəti, sözün əsl mənasında, mənəvi terrora məruz qoyması ona nəinki heç bir siyasi dividend gətirmir, hətta əksinə, özlərini ictimai qınaq obyektinə çevirir. Müxalifət bu cür ifrat inkarçılığı və nihilizmi ilə dağıdıcı və pozucu qüvvə imicini daha da möhkəmləndirir.

Onun reytinqi son 10 illik müddət ərzində artmamışdır. Müxalifət liderləri xalq hərəkatı dövründə topladıqları az-çox siyasi kapitalı Heydər Əliyev hakimiyyətinə münasibətdə açıq-aşkar qərəzli mövqe tutmaqları ilə məsrəf ediblər. Qarabağ məsələsi kimi ümummilli məsələdə də hakimiyyətlə dialoqa (məsələn, 2002-ci il fevralın 23-24-də Prezidentin də iştirak etdiyi parlament müzakirələrində) getməkdən imtina edən radikal və pozucu müxalifətin seçici qarşısına milli birlik ideyasının daşıyıcısı kimi çıxmaq iddiası cəfəngiyyatdır.

2. Neobolşevizm əhval-ruhiyyəsi. Bu cəhəti ilə daha çox seçilən müxalifət düşərgəsi hakimiyyətlə mübarizəsinə əlavə effekt vermək və daha geniş sosial bazanın diqqətini özünə cəlb etmək üçün zaman-zaman populizmin ən ucuz formalarından yararlanmağa çalışmışdır. Kütləvi aksiyalar çağdaş dünya tərəfindən sivil siyasi mübarizə üsulu kimi qəbul edilmişdir. Hər kəsin öz siyasi baxışlarını ifadə etmək hüququ var. Amma küçə aksiyaları, ümumiyyətlə, siyasi azadlıqlar həmin sivil dünyanın qəbul etdiyi digər dəyərləri, məsələn, vətəndaşların əmlak hüququnu, istirahət hüququnu, şərəf və ləyaqətinin toxunulmazlığı hüququnu tapdalamaq vasitəsi ola bilməz.

Azərbaycanda müxalifətin davranışına, mübarizə metodlarına, təbliğatına, söylədiyi siyasi şüarlara baxanda aydın sezilir ki, bu düşərgədə neobolşevizm əhval-ruhiyyəsi hələ də aparıcı yerdədir. Hər şeyi bolşeviksayağı inkar etmək xüsusiyyəti rasional və sağlam düşüncənin əlaməti deyildir. Azərbaycanda sürətli iqtisadi inkişaf prosesi gedir, yeni milli sahibkarlar təbəqəsi yaranıb, zəngin iş adamları meydana çıxıb, müasir standartlara cavab verən xidmət sahələri yaranıbdır. Maddi rifah halı yaxşılaşıb, bahalı avtomobillər, dəbdəbəli restoran, mağaza, hotel, ev və mülklər indi elə də təəccüblü şeylər deyildir. Müxalifətin mitinqlərində bu məsələlərin ayrıca vurğulanması və bunların az qala əxlaqa zidd məsələ sayılması nəzərdən yayınmır.

Müxalifət maddi sərvət sahiblərini açıq-aşkar hədələyir ki, hər şeyi müsadirə edəcəyik. Müxalifət liderləri zəngin iş adamlarını varlı olmaqda günahlandıracaq qədər anormal iddialarla çıxış etməkdən də çəkinmirlər. Təsəvvür edin, milyardlarla dollar həcmində investisiyanın cəlb olunduğu, hər il minlərlə yüksək maaşlı yeni iş yerinin açıldığı, fərdi kompüterlərin, bahalı avtomobillərin və mobil telefonların sayına görə postkommunist məkanı ölkələri arasında ilk yerdə olan bir ölkənin – Azərbaycanın müxalifəti mitinqlərində “çörək”, “iş” şüarlarını önə çəkir. Lenin bir vaxtlar Almaniya ilə müharibə məsələsilə manipulyasiya etdiyi kimi, Azərbaycan müxalifəti də bu gün Qarabağ məsələsi ilə ehtikarlıq edərək, hakimiyyətə aparan yolu qısaltmaq arzusundadır.

Bolşeviklər biz vaxt pavlikmorozovçuluğu – siyasi məqsədlərə görə hətta öz doğma atasını satmağı təlqin və təşviq edirdilər. İndiki müxalifət liderləri də bölşeviklərin yolunu gedərək, qrant müqabilində milli maraqları satmaqla məşğuldurlar. Azərbaycan cəmiyyəti ayıq-sayıq və təcrübəli cəmiyyət olduğu üçün müxalifətin bu keyfiyyəti ictimai rəy tərəfindən dərhal qiymətləndirilmişdir. Bu qiymət isə, təbii ki, mənfi işarəlidir və müxalifət bu qiymətlə nəyəsə ümid etməməlidir.

 

3. Qisasçılıq meyli. Müxalifət hakimiyyətə gəlmək üçün bütün məqbul və qeyri-məqbul mübarizə üsullarına əl atır. Ən çox da təbliğat məsələsinə diqqət yetirilir. Təbliğat sahəsində uğur qazandıqlarını düşünən müxalifət liderləri özləri də bunun fərqinə varmadan nümayiş etdiriblər ki, onlar qisasçıdır. Bu düşərgədə qisasçılıq meylinin güclü olması hətta xarici müşahidəçilərin də diqqətini cəlb edib və onlar bu cəhəti təhlükəli meylin təzahürü kimi dəyərləndirmişlər.

Müxalifət partiyalarının rəhbərləri mətbuat vasitəsilə və kütləvi aksiyalardakı çıxışlarında dəfələrlə bəyan ediblər ki, “bu gün hakimiyyətdə olanlar hakimiyyətdə olduqlarına görə cavab verəcəklər”. Belə hədələr müxalifətin dilindən vaxtaşırı səslənmişdir. Müxalifət liderləri hakimiyyətə gələndən sonra indiki məmurlara və yüksək vəzifəli şəxslərə divan tutacaqları, “haqq-hesab gününün olacağı”, bu iqtidarla işbirliyində olanların hamısının, o cümlədən iş adamlarının, idmançıların, mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin, yaradıcı adamların cəza alacağı barədəki bəyanat və hədələri ilə sivil dünyanı, sadəcə olaraq, heyrətləndirirlər. Axı, hətta kiminlə necə haqq-hesab çəkiləcəyi barədə təfərrüatlara da varan müxalifət funksionerləri bu ölkənin sağlam düşüncəli seçicisi tərəfindən necə qiymətləndirilə bilər?!

Orta məktəb direktorundan, bələdiyyə üzvündən tutmuş, ta dövlətin ali rəhbərliyində təmsil olunan şəxslərə qədər az qala hamını ucdantutma antimillilikdə, vətənə xəyanətdə suçlayan müxalifət liderləri cəmiyyətdə total xof yaratmaq istəyir, ucdantutma hamını repressiv tədbirlərlə hədələyirlər. Müxalifət mətbuatı səhifələrində belə fikirlərə tez-tez rast gəlmək olar: “Biz hakimiyyətə gələndə onlar xaricə qaçmağa məcbur olacaq”, “Biz hakimiyyətə gələndə onları cinayət məsuliyyətinə cəlb edəcəyik”, “Onların yeri həbsxanadır” və s. Hər şey cəmiyyətin gözü qarşısında baş verdiyi üçün ictimai fikir belə hadisələrə obyektiv qiymət verməkdə çətinlik çəkmir.

İdeyalarsız hakimiyyət ölüdür

Bütün bunlar müxalifətin real şansları barədə nəticəyə gəlməyə imkan verir. Sadaladığımız faktlar və onların təhlilindən alınan məntiqi nəticə budur ki, cəmiyyət hakimiyyətə iddialı müxalifət nümayəndələrinin hər şeyi öz şəxsi maraqları müstəvisində həll etmək üçün yenidən sıfır nöqtəsinə qayıtmaq həvəsinə düşəcəyindən ehtiyatlanır. Müxalifət cəmiyyətə, faktiki olaraq, heç bir yeni və konstruktiv ideya təqdim etmir. Müxalifətə yalnız hakimiyyətə gəlmək lazımdır. Bəs sonra? Bu haqda heç nə deyilmir. Müxalifət Heydər Əliyev hakimiyyətinin 10 ildə əldə etdiyi nailiyyətlərin hamısını – hətta neft müqavilələrini, ölkə iqtisadiyyatına yatırılan sərmayələri, iqtisadi inkişaf göstəricilərini, konkret riyazi rəqəmləri təftiş və inkar edərək, özünün hakimiyyət iddiasını ortaya qoyur. Müxalifətin hakimiyyətə ideoloji cəhətdən və təşkilatı baxımdan hazırlıqsız, ideya baxımından “qısır”, platforma baxımından əliboş gəlmək niyyəti 10 il ərzində görülmüş işlərdən, qazanılmış nailiyyətlərdən imtina edilməsi deməkdir. Müxalifətin hakimiyyətə gələcəyi təqdirdə hər şey bolşeviksayağı dağıdılacaq, yeni müstəvi yaradılacaq, yeni şərtlər diqtə olunacaq və bunların da Azərbaycanı haraya aparacağı bəlli deyildir. Çünki müxalifət 10 il ərzində formalaşmış reallığı rədd edir.

Müxalifət liderləri Heydər Əliyevlə üz-üzə gəlib, açıq qarşılaşmaya getməkdən çəkinirlər... Onlar 1998-ci il prezident seçkilərinin nəticələrinin təkrarlanacağından ehtiyatlanırlar. Xatırladaq ki, o zaman müxalifətin bir hissəsi vahid namizəd məsələsində razılığa gələ bilmədi və təkbaşına seçkiyə qoşulmağa cürət etməyən müxalifət liderləri boykot yolunu tutmağa məcbur oldular. İddialı müxalifət liderlərindən isə yalnız AMİP sədri Etibar Məmmədov Heydər Əliyevlə açıq siyasi rəqabətə girdi və çox böyük hesabla məğlub oldu.

Altılıq

Odur ki, müxalifət düşərgəsi indi optimal taktiki addım kimi müxalifətin vahid namizədini müəyyənləşdirib ortaya çıxarmaq və bütün sosial narazılıqları həmin vahid namizədə səs verməyə çağırmaq variantı üzərində düşünür. Uzun müddətdən bəri gedən “vahid namizəd oyunu” isə heç bir nəticə vermir. Müxalifətin sonuncu ümid yeri olan bu ideyanın reallaşmaq ehtimalı isə hətta perspektivdə də yoxdur. Bu vəziyyət müxalifəti həddindən artıq çətin duruma salmışdır. Müxalifət mətbuatı özü də etiraf etməyə başlayıb ki, 2003-cü il seçkilərinin ən şanslı namizədi Heydər Əliyevdir. Məsələn, “Azadlıq” qəzetində müxalifətin seçki taktikası, Qərbin ona münasibəti və müxalifətin vahid namizəd ideyası ilə bağlı dərc olunmuş analitik yazıda deyilir: “Konstitusiyanın yeni redaksiyasına görə, seçkidə ən çox səs almış namizəd seçilmiş sayılacaqdır. Həmin səbəbdən müxalifətin vahid namizədi seçkiyə qədər müəyyənləşdirməkdən başqa variantı qalmır. Müxalifətin Heydər Əliyevə qarşı vahid namizədlə çıxış etməsindən daha ciddi alternativ variantı yoxdur... İndiki vəziyyət belədir: Heydər Əliyevin alternativi var, amma yox kimi görünür. Bu, müxalifətin ən ciddi problemi və qüsurudur...” (“Azadlıq”, 1-3 mart, 2003).

Vahid namizəd məsələsi müxalifət daxilində yəqin ki, heç vaxt rəsmi müzakirə mövzusuna çevrilməyəcəkdir. Bu məsələdə müxaliflər arasında, özü də vahid namizəd oyununun ən fəal iştirakçıları arasında ciddi fikir ayrılığı var. Məsələn, AMİP, Ədalət Partiyası, AXCP (i) vahid namizəd məsələsinin müsbət həllinə tərəfdardır. Lakin Müsavat, VBP, ADP buna ciddi müqavimət göstərir.

Vahid namizəd məsələsini həll edə bilməyən müxalifət özünü, heç olmasa, virtual olaraq alternativ qüvvə kimi təqdim etmək gücündə olmayacaqdır. Bu isə onun seçkilərdəki məğlubiyyətini şərtləndirən əsas amillərdən biridir. Heydər Əliyev ayrı-ayrı müxalifət liderlərinin nəinki ayrı-ayrılıqda hər birindən, hətta onların birlikdə hamısından güclü olduğu üçün vahid namizəd məsələsinin həlli də müxalifətə ciddi bir şey vəd etmir.

Yekunlar

Azərbaycan cəmiyyəti radikal ovqatlı, dağıdıcı və populist siyasətin əvəzinə, rasional-praqmatik siyasəti seçmişdir. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində aparıcı olan radikal və populist siyasət öz yerini sabit inkişaf tempini təmin edən yeni intellektuallara verdi. Bu, tarixi zərurət idi. İndi istənilən anda cəmiyyətdə sosioloji rəy sorğusu keçirib “Azərbaycana hansı siyasət və siyasətçi lazımdır – dağıdıcı, populist, qaragüruhçu, qeyri-peşəkar, yoxsa yaradıcı və intellektual siyasət və siyasətçi?” sualı ilə respondentlərə müraciət edilsə, cavabın tamamilə ikincilərin xeyrinə olacağı şəksizdir.

Azərbaycanın gələcəyi məhz praqmatizmin əsas götürülməsi şərti ilə parlaq olacaqdır. İndiki iqtidar da hüquqi-siyasi məsələlərdə liberal, iqtisadiyyatda praqmatik, mənəviyyatda və mentalitetlə bağlı məsələlərdə mühafizəkar baxışların sintezindən doğan spesifik siyasi fəlsəfənin əsas götürülməsi yolu ilə gedir. Heydər Əliyevin tarixi rolu bundadır ki, o, belə bir vacib hərəkət və inkişaf yolunu müəyyənləşdirməklə kifayətlənməyərək, bu yolun uzunömürlülüyünü və varisliyini təmin etmişdir. Heydər Əliyev Azərbaycanın milli maraqlarına zidd olan nə varsa, hamısının qəbulolunmazlığı təfəkkürünü öz səyləri ilə yetişdirdiyi yeni siyasətçilər nəslinə aşılamışdır. Yeni reallıqlar liderdən güclü intellekt, realizm hissi, vətənçilik, dövlətçilik hissiyyatı, islahatçılıq, iradə və strateji təfəkkür tələb edir.

Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin birinci yarısı üçün xarakterik olan total çaxnaşmaları yaşamış postkommunist məkanı ölkələrinin hamısında vəziyyət belədir. Baltikyanı ölkələrə, Polşaya, Rusiyaya baxaq. Onların indiki liderləri siyasətə küçə və meydanlardan yox, politoloqların təbirincə desək, “kabinet sükutundakı yaradıcı mühitdən” gəliblər. Rusiya prezidenti Vladimir Putinin qısa zaman kəsiyində ümummilli liderə çevrilməsi buna tipik nümunədir. Bu kateqoriyadan olanlar özlərinin reklamı barədə düşünmür, onların bir prinsipi var – yalnız real, yaradıcı, nəticəli işlə məşğul olmaq.

--------------------------------------------------------------

“İzvestiya-Azərbaycan” səhifələrinin materialları

“İntellekt” Tədqiqatlar Mərkəzinin (Azərbaycan)

iştirakı ilə hazırlanmışdır.

“İzvestiya” qəzeti, 27 mart 2003-cü il.

Şəkil sözləri

Lalə Hacıyeva

Etibar Məmmədov

İlyas İsmayılov

Əli Kərimov

İsa Qəmbər

Rəsul Quliyev

Əhalisi 8 milyon nəfərdən artıqdır

4 milyondan çox vətəndaşın seçkilərdə səsvermə hüququ var

Yaş strukturu

14 yaşınadək

15 yaşdan 64 yaşadək

65 yaşdan yuxarı

Əhali – 8 milyon nəfərdən artıq. 4 milyondan çox vətəndaşın

səsvermə hüququ var

Parlamentin tərkibi (cəmi 120 deputat)

Müxalifət partiyaları

Müstəqillər bloku

Yeni Azərbaycan Partiyası

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb