ELM VƏ TƏHSİL
I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb
İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent, IV ixtisas qrupu üzrə isə 4 abituriyent 700 bal toplayıb
Bakı, 20 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 18-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 26332 abituriyentdən 873-ü imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 18-i imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 11 abituriyent (Bakı şəhərindəki 297 saylı orta məktəb, 109 saylı orta məktəb, 169 saylı orta məktəb, 58 saylı orta məktəb, Göyçay rayonundakı Ləkçılpaq kənd 1 saylı orta məktəb, Goranboy rayonundakı Sarıkürd orta məktəbi, Abşeron rayonundakı Xırdalan şəhər 9 saylı orta məktəb, Bakı Türk Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Abşeron rayonundakı Ceyranbatan qəsəbə 1 saylı orta məktəb, fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunları), IV ixtisas qrupu üzrə isə 4 abituriyent (Bakı şəhərindəki 29 saylı orta məktəb, 192 saylı orta məktəb, “İntellekt” məktəb-liseyi, Lənkəran rayonundakı 4 saylı Humanitar Təmayüllü Məktəb-Liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.