ELM VƏ TƏHSİL


I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib VİDEO

Bakı, 22 may, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahan nəticələri ilə eservices.dim.gov.az/2019/netbak/?frm=egov  linkindən tanış olmaq mümkündür. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 32174 abituriyentdən 1771 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 11 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb.

Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir. Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) mayın 30-31-də və iyunun 3-5-də saat 10-dan 17-dək Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 23, 24, 27 və 29-da Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apellyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apellyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı, valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apellyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 19 mayda keçirilən imtahanların nəticələri də 10 iş günü ərzində elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.