İQTİSADİYYAT
İbrahim Alışov: bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur
Bakı, 17 aprel, AZƏRTAC
Nəzarət orqanı olaraq, bizim müşahidələrimiz göstərir ki, son bir həftə ərzində Rusiya və Türkiyədə xarici valyuta məzənnələrinin milli valyutaya nisbəti Azərbaycanda psixoloji gərginlik yaratmaqda idi. Amma apardığımız təhlillər əsasında deyə bilərik ki, bankların heç birinin nağd valyutaya tələbatı ödəməkdə problemi yoxdur.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bankları və onların filiallarını, həmçinin satış nöqtələrini kifayət qədər nağd valyuta ilə təmin edib.
“Bu, sadəcə psixoloji amillə bağlıdır. Valyuta alışlarını ən çox əhali qrupu həyata keçirir. Hesablamalara görə, son bir həftədə ortalama valyuta alışı adambaşına təxminən 800-1300 dollar olub. Bu isə onu deməyə əsas verir ki, vətəndaşların narahatlığına heç bir makroiqtisadi əsas yoxdur”, - deyə İ.Alışov vurğulayıb.