CƏMİYYƏT
İbrahim Məmmədov: Koronavirusla bağlı ilk dəfə olaraq müsbət statistika qeydə alınıb
Bakı, 15 aprel, AZƏRTAC
Koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq müsbət statistika qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 15-də keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O deyib ki, aprelin 12-dən sağalma yoluxmanı üstələyib. Bu, müsbət haldır. Aprelin 12-də ilk dəfə müsbət nəticə qeydə alındı. Aprelin 13-də vəziyyət neqativ olsa da, az fərq oldu. 14-də müsbət nəticə əldə etdik. Ötən həftə durum sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. “Amma biz deyə bilmərik ki, belə davam edəcək. Son 5 gündə müsbət statistika mənfi statistikanı əvəzləyir. Bu vaxta qədər əksinə idi. Bu, o deməkdir ki, karantin rejiminin nəticələri artıq var. Bu durum bizi ruhlandırır ki, karantin qaydalarına əməl edək”, - deyə İbrahim Məmmədov bildirib.