SİYASƏT


İbrahim Öztək: Ermənistanın məqsədi Azərbaycanın işğal edilmiş ərazilərinə terrorçu dəstələr yerləşdirməkdir

Ankara, 7 sentyabr, AZƏRTAC

Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında qanunsuz məskunlaşdırma cəhdi dünyadakı ikili standartların nəticəsidir. Əgər aidiyyəti beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu vaxtında işğalçı tərəfə qarşı beynəlxalq hüquqla müəyyən edilən tədbirlər görsəydi, bu gün Ermənistan Livandakı erməniləri Dağlıq Qarabağa köçürmək kimi xəyallara düşməzdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında saxta “erməni məsələsi” üzrə tədqiqatçı, türkiyəli professor İbrahim Öztək ifadə edib.

ASALA terror təşkilatının, əsasən, Livan ərazisində formalaşdığını, bu qruplaşmanın bölgədə təlim düşərgələrinin mövcud olduğunu diqqətə çatdıran professor İbrahim Öztək bildirib ki, Ermənistanın məqsədi Azərbaycanın işğal edilmiş ərazilərinə yeni terror dəstələri yerləşdirməkdir. Beynəlxalq təşkilatların, əsasən də münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu Azərbaycanın işğal olunmuş torpaqlarında aparılan qeyri-qanuni məskunlaşdırma fəaliyyətləri ilə bağlı susmasını beynəlxalq hüququn normalarına və bu qurumun missiyasına hörmətsizlik kimi dəyərləndirən professor deyib: “Əslində, istər təcavüzkar Ermənistan, istərsə də erməni lobbisi Livan ermənilərini Dağlıq Qarabağa köçürmək iddiasını ortaya atmaqla bir daha öz məkrli xislətlərini nümayiş etdirirlər. Uydurma “erməni soyqırımı”ndan bəhs edən saxtakarlar yaxşı olar ki, Ermənistanın işğalçılıq siyasətini və məkrli niyyətlərini görüb ağı qaradan ayırsınlar. Türkiyə hər zaman Livana dəstək verib. Lakin bir dəstə azğınlaşmış erməninin Livan ərazisində Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etməsi cavabsız qala bilməz. Buna görə də Livan hakimiyyətində bu cür iyrənc əməllərə yol verən təxribatçı ermənilərə qarşı tədbirlər görülməlidir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.