SİYASƏT


İbrahim Öztek : Azərbaycan Ordusu ermənilərə layiq olduqları cavabı verir

İstanbul, 30 oktyabr, AZƏRTAC

İstanbulda “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbulun Vəfalı Könül Dostları Dərnəyi tərəfindən təşkil olunan konfransda çıxış edən qurumun rəhbəri Hüseyin Kurtaran Türkiyə Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Türkiyənin Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek çıxış edərək çar Rusiyası dövründən başlayaraq Qarabağın Qafqazın qəlbi hesab edildiyini bildirib. O deyib: “1804, 1813, 1828 və 1829-cu illərdə Osmanlı-Rusiya və İran-Rusiya müharibələrindən sonra Anadoluda və İranda yaşayan ermənilərin bir qismi bugünkü Ermənistan ərazisində və Qarabağda yerləşdirilib. Lakin bu bölgələrə yerləşdirilən ermənilər heç vaxt sakit dayanmayıblar. Əllərinə fürsət düşən kimi türk torpaqlarına, o cümlədən Azərbaycana hücumlar ediblər. 1887-ci ildən ermənilər tərəfindən yaradılan terror qruplaşmaları ilə həm Azərbaycanda, həm də Anadoluda misli görülməmiş qətliamlar və soyqırımları törədiblər. Təkcə 1918-ci il martın 30-31-də Bakıda 17 min türk ermənilər tərəfindən soyqırımına məruz qalıb. Məlum olduğu kimi, bu hadisədən sonra Qafqaz İslam Ordusu yaradılıb və Nuru Paşanın komandanlığı ilə Türk ordusu bu terrorçu millətə lazımi dərs verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı isə bütün türk dünyasının sağalmayan yarasıdır”.

Ermənistanın 2016-cı ildən bu günədək Azərbaycan sərhədlərində təxribatlar törətdiyini xatırladan professor deyib: “Bu il sentyabrın 27-də ermənilər növbəti dəfə Azərbaycana qarşı hərbi təxribatlar törədib, yaşayış yerlərinə hücum ediblər. Lakin əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu ermənilərə layiq olduqları cavabı verib və verməkdə davam edir. İndi Ermənistan xainliklərinin, törətdiyi soyqırımı və qətliamların hesabını verir. Azərbaycan haqlı mübarizəsini davam etdirir, 30 ilə yaxındır işğal altında qalan torpaqlarını təcavüzkarlardan təmizləyir. Qəhrəman Azərbaycan əsgərləri uzun illər düşmən işğalı altında olan Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan kimi şəhərləri, həmçinin 200-ə yaxın yaşayış məntəqəsini azad ediblər. İnanırıq ki, digər ərazilərin də azad ediləcəyi günlər çox yaxındadır. Ermənistanın itkiləri böyükdür və getdikcə böyüyür”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.