SİYASƏT
İbrahim Quliyev: Dahi şəxsiyyət Heydər Əliyev dövlətimizin müstəqilliyini əbədi və sarsılmaz etdi
Bakı, 7 may, AZƏRTAC
Azərbaycanın XX əsr tarixinin 60-cı illərindən başlayan dövrü Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur.
Bu sözləri AZƏRTAC-a müsahibəsində hüquq elmləri doktoru, professor, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinin müşaviri, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü İbrahim Quliyev deyib. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə əldə edilmiş böyük nailiyyətlər respublikamızın gələcək müstəqilliyi üçün möhkəm iqtisadi, mənəvi və siyasi zəmin yaratmışdı. Məhz Ümummilli Liderin böyük səyləri nəticəsində ölkəmizdə böyük inkişaf başladı və Azərbaycan tərəqqi yolunda inamlı addımlarla irəliləməyə başladı: “Mən özümü çox xoşbəxt hesab edirəm ki, Ulu Öndərin birbaşa rəhbərliyi ilə çalışmışam. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda hökm sürən çox ağır zamanda Ümummilli Liderin fərmanı ilə 1993-cü ildə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olundum. Heydər Əliyev titanik fəaliyyəti, müdrikliyi, qətiyyəti, əzmkarlığı, uzaqgörən siyasəti ilə bütün bəşəriyyətə sübut etdi ki, Azərbaycan xalqı qarşıdakı bütün çətinlikləri, maneələri dəf etməyə qadir xalqdır. Dahi şəxsiyyət dövlətimizin müstəqilliyini əbədi və sarsılmaz etdi”.
Qarabağ müharibəsi veteranı qeyd edib ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirir: “Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən biri kimi diqqəti cəlb edir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan ictimai, siyasi, iqtisadi və hüquqi islahatlar, həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisinə böyük imkanlar yaradır. Böyük qürurla qeyd etməliyəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müqəddəs Vətən müharibəsində xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı mənfur düşmənin tapdağı altından xilas etdi. Bu gün Azərbaycanın hər bir vətəndaşı əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth edəcək”.