ELM VƏ TƏHSİL
İbrahim Tahirin qəzəllər toplusu - ədəbi irsimizin dəyərli səhifəsi
Bakı, 24 avqust, AZƏRTAC
XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış, Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan məlumat verilib.
Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.
Qeyd edək ki, XIX əsr Qarabağ ədəbi mühitində böyük nüfuza malik olan Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində şeir-sənət ocağı Şuşa şəhərində dünyaya gəlmiş şairi şəxsən tanıdığını, onun “Tahir” təxəllüsü ilə şeirlər yazdığını qeyd edib. Gəncliyində ticarətlə məşğul olan İ.Tahir XX əsrin əvvəllərində Bakıda nəşr olunan əksər qəzet və jurnallarda ardıcıl olaraq şeirləri və publisist məqalələri ilə çıxış edib.