ELM VƏ TƏHSİL
İbtidai sinif müəllimlərinin elmi-metodik seminarı olmuşdur
Bakı, 6 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ibtidai sinif müəllimlərinin elmi-metodik seminarı keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, seminarda ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün “Həyat bilgisi” dərsliyinin və metodik vəsaitin müzakirəsi aparılmışdır.
Müzakirələrdə Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsilə onlayn rejimdə həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak edərək, gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş, təkliflər vermişlər.
Dərslik və metodik vəsaitlə bağlı yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
Növbəti seminarda 4-cü sinif üçün “Həyat bilgisi” dərsliyinin və metodik vəsaitin müzakirəsinə başlanacaqdır.