ELM VƏ TƏHSİL
İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi ilə bağlı müzakirələr aparılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən “İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları” mövzusunda vebinar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vebinarın moderatoru Tədris resursları şöbəsinin müdiri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerləri isə ibtidai siniflər üçün “Azərbaycan dili” dərslik komplektinin müəlliflər qrupunun rəhbəri filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Məmmədova və Tədris resursları şöbəsinin əməkdaşı, dərslik komplektinin həmmüəllifi Aysel Xanalıyeva olub.
Vebinarda “Azərbaycan dili” dərslik komplektinin hazırlanması zərurəti, yeni dərsliyin ənənəvi dərslikdən məzmun və struktur fərqi, dil təlimində qarşıya çıxan problemlər müzakirə edilib, onların səmərəli həll yollarına dair tövsiyələr verilib. Həmçinin yeni dərsliklərin kütləvi istifadəyə verilməzdən əvvəl pilot siniflərdə sınaqdan keçirilməsi və dərsliklərin təkmilləşdirilməsi prosesi haqqında ictimaiyyət məlumatlandırılıb. İctimaiyyəti narahat edən aktual problemlər, məsələn, məktəbəqədər hazırlıq keçməyən şagirdlərə I sinifdə əlifba təliminin sürətli həyata keçirilməsinin əlverişli metodikası, yazı bacarıqlarının oxu ilə paralel verilmədiyinin səbəbi və s. məsələlərə aydınlıq gətirilib. Dərslik müəlliflərinin çıxışlarında sinif müəllimlərinə yeni dərsliklə işləməyin xüsusiyyətləri illüstrasiya materiallarının təqdimatları əsasında izah edilib, metodik vəsaitdən istifadənin zəruriliyi vurğulanıb.
Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.