İQTİSADİYYAT
İcbari Sığorta Bürosu Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələrini və ödənişləri açıqlayıb
Bakı, 21 oktyabr, AZƏRTAC
İcbari Sığorta Bürosu (İSB) bu ilin 9 ayında Yaşıl Kart sistemi çərçivəsində bağlanılmış sığorta müqavilələri və sığorta hadisələri üzrə həyata keçirilmiş ödənişlər barədə məlumatı təqdim edib.
Bürodan AZƏRTAC-a bildirilib ki, yanvar–sentyabr aylarında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququna sahib sığortaçılar tərəfindən 39 min 509 sığorta şəhadətnaməsinin satışı həyata keçirilib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18 faiz artım deməkdir.
Hesabat dövründə Yaşıl Kart beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları keçən ilin eyni aylarına görə 15 faiz artaraq 2 milyon 240 min 973 manat təşkil edib.
Digər tərəfdən, bu ilin 9 ayında 206 sığorta hadisəsi üzrə 790 min 933 manat sığorta ödənişi həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin həcmində 23 faiz artım qeydə alınıb.
Qeyd edək ki, Yaşıl Kart beynəlxalq sığorta sistemi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən Yaşıl Kart haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hazırda sistemə 48 ölkə üzvdür.
Azərbaycan 2015-ci il mayın 28-də sistemə üzv ölkə qismində qəbul edilmiş və 2016-cı il yanvarın 1-dən etibarən sistem çərçivəsində fəaliyyət göstərir.