İQTİSADİYYAT
İcbari Sığorta Bürosu jurnalistlər üçün müsabiqə elan edib
Bakı, 6 mart, AZƏRTAC
İcbari Sığorta Bürosu (İSB) jurnalistlər üçün “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda ən yaxşı məqalə müsabiqəsi elan edib.
İSB-dan AZƏRTAC-a bildirilib ki, məqsəd kütləvi informasiya vasitələri nümayəndələrinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasının üstünlüklərinin daha aktiv təbliğ edilməsinə, bu istiqamətdə həyata keçirilən tədbirlərin ictimaiyyətin daha geniş məlumatlandırılmasına cəlb edilməsidir. Müsabiqəyə mərkəzi və regional elektron və çap KİV-də mövzuya uyğun nəşr olunmuş yazılar qəbul olunur. Müsabiqədə ilk 3 yeri tutan jurnalistlərə müvafiq olaraq 2000, 1500 və 1000 AZN məbləğində pul mükafatları və müvafiq sertifikatlar veriləcək.
Məqalələr martın 6-dan 31-i saat 18:00-dək elektron formada “[email protected]” ünvanına göndərilməlidir. Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar İcbari Sığorta Bürosunun rəsmi internet səhifəsində (“http://www.isb.az”) yerləşdirilib.