İQTİSADİYYAT
İcbari Sığorta Bürosu sosial videoçarx hazırlayıb VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
Karonavirus pandemiyasından qorunmaq üçün tətbiq edilən karantin rejiminə İcbari Sığorta Bürosu (İSB) da dəstək verib.
İSB-dən AZƏRTAC-a bildirilib ki, İcbari Sığorta Bürosu “Evde qalın, eviniz sizi sığortalasın” şüarı ilə sosial videoçarx hazırlayıb. Videoçarxda müxtəlif yaş qrupundan olan vətəndaşların karantin rejimində evdə qalaraq həmrəylik nümayiş etdirməsi əks olunur. İSB-in əməkdaşlarının da çəkildiyi videoçarxın qəhrəmanları “Biz zamanında evimizi sığortaladıq, indi isə evimiz bizi sığortalayır” deyərək əhalini karantin rejiminə ciddi əməl etməyə, pandemiya ilə əlaqədar qlobal mürəkkəb şəraitdə özlərini, yaxın və doğmalarını virusdan qorumaq üçün evdən çıxmamağa çağırır.
Xatırladaq ki, vətəndaşlar sahib olduqları əmlakları icbari qaydada sığorta etdirərək həmin əmlakı yanğın və risklərdən, təbii fəlakətlərdən həmçinin dəyə biləcək zərərlərdən sığortalamaq hüququna malikdir. Bu günün gerçəyi gələcəyin sığortasıdır. Biz birlikdə güclüyük. Həmrəy olaq, evdə qalaq və bu dəfə evimiz bizi sığortalasın.