CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: COVAX çərçivəsində ölkələrin peyvəndlə təmin olunmasına dair vədə əməl olunmur

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirus pandemiyasına qarşı dünya dövlətlərinin birgə mübarizəsinın və bu sahədə sıx əməkdaşlığın vacibliyini dəfələrlə vurğulayıb. Bu mənada vaksinlərin dünya dövlətləri arasında ədalətli bölgüsü pandemiya ilə mübarizə sahəsində səmərəli əməkdaşlıq üçün vacib komponent olduğunu bildirib. COVAX platformasının bütün ölkələr üçün effektli peyvənd axtarışını sürətləndirən, dünyada COVID-19-a qarşı hazırlanmış peyvəndlərə ədalətli əlçatanlığı təmin etmək məqsədilə yaradılmış mexanizm olduğunu nəzərə alaraq, Azərbaycan ötən il COVAX platformasına ilk qoşulan 50 ölkədən biri olub.

Bunu AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib. Onun sözlərinə görə, COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə hazırkı dövrədək əməl olunmayıb: “Bu günlərdə COVAX tərəfindən daxil olmuş məktubda Azərbaycanı yaxın zamanda müvafiq vaksinlə təmin edə bilməyəcəkləri bir daha qeyd olunub. Azərbaycan Respublikasının vaksin istehsal edən müxtəlif şirkətlərlə uğurlu əməkdaşlığı nəticəsində ölkəmizə Çin dövlətinin istehsalı olan “CoronaVac” vaksinlərinin gətirilməsi təmin edilib.

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanı örnək dövlətlərdən biri kimi göstərir. Bu gün Azərbaycanda vaksinasiya prosesi ilə əlaqədar tələb olunan bütün infrastruktur yaradıldığı halda, ölkəmizə qarşı bu münasibəti yanlış hesab edir, təsisatın məram və məqsədinə zidd olduğunu bildiririk.

COVAX-ın bütün üzv ölkələrlə əməkdaşlığının ədalətli şəkildə davam edəcəyinə, növbəti mərhələdə təxirə salınmadan başqa üzv ölkələrlə bərabər Azərbaycanın da peyvəndlə təmin olunacağına inanırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.