CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Mingəçevir şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pilot ərazilərin sakinlərinin sağlamlığının qorunması, maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə “Sabaha sağlam addımla” şüarı adı altında 2017-ci ilin oktyabr-dekabr ayları ərzində keçiriləcək sağlamlıq həftələrinin açılış mərasimini keçirib. Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Sağlamlıq həftələrinin açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov, səhiyyə nazirinin müavini Elsəvər Ağayev, Milli Məclisin səhiyyə komitəsinin üzvləri Musa Urud, İlham Məmmədov, Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev çıxışında bildirib ki, oktyabrın 2-dən dekabrın 17-dək Mingəçevir şəhəri və Yevlax rayonunun inzibati ərazilərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində keçirilməsi nəzərdə tutulan sağlamlıq həftələrində ailə həkimləri tərəfindən əhaliyə sağlam qidalanma və sağlam həyat tərzi haqqında məsləhətlər veriləcək, müxtəlif müayinələr aparılacaq. Sağlamlıq həftələrinin təşkilində məqsəd pilot ərazilərdə sağlam həyat tərzinin təbliği, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və sakinlərin ailə həkimləri ilə ünsiyyətinin möhkəmləndirilməsidir.

Agentlik tərəfindən şəkərli diabet, skolioz, döş vəzisinin xərçəngi, prostat vəzinin xəstəlikləri, hipertoniya, xolesterin, tütünün zərərləri, sağlam qidalanma mövzularını əhatə edən çap materialları sağlamlıq həftələrində pilot ərazilərin sakinlərinə paylanacaq.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı. O, eyni zamanda, səhiyyə sistemində aparılan mühüm islahatlardan, Azərbaycanda səhiyyənin inkişafından danışdı.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Urud bildirdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu gün vətəndaşların sağlamlığının qorunmasının təminatçısı rolunda çıxış edir. Daha sonra millət vəkili Milli Məclisin Səhiyyə Komitəsinin Səhiyyə Nazirliyi ilə birlikdə Agentliyin icra etdiyi pilot layihəyə dəstək olduğunu qeyd etdi.

Açılış mərasimində Mingəçevir şəhərində Müşfiq Mirzəyev adına “Dostluq” parkında qurulan 4 çadırda sakinlər sağlam həyat tərzi haqqında məlumatlandırılıb, əhali arasında ən çox rast gəlinən xəstəliklərin profilaktikası məqsədi ilə ailə və ixtisas həkimləri tərəfindən konsultasiyalar verilib, profilaktik müayinələr (arterial qan təzyiqinin ölçülməsi, bədən kütlə indeksinin təyini, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi, süd vəzisinin manual müayinəsi, görmə itiliyinin müayinəsi, tənəffüs yollarının müayinəsi - spirometriya və s.) aparılıb.

Qeyd edək ki, tədbirin təşkilində Mingəçevir Şəhər İcra Hakimiyyəti, şəkərli diabet xəstələri ilə bağlı tədbirlərin həyata keçirilməsində “Novonordisk” şirkəti tərəfindən texniki dəstək göstərilib.

Daha sonra tədbir iştirakçıları Qress qəsəbəsində yeni təmir olunan Ailə Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər. İştirakçılara məlumat verilib ki, hazırda köhnə həkim tibb məntəqələrinin yerində Ailə Sağlamlıq Mərkəzləri (ASM) fəaliyyət göstərir. İki pilot bölgə üzrə ASM-də ümumilikdə 79 ailə həkimi çalışır. Ailə həkimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə təlim proqramı hazırlanıb və həyata keçirilir.

Agentliyin fəaliyyəti müddətində 2 ASM-in binası (Malbinəsi ASM, Qaramanlı ASM) yenidən inşa olunub, Aran ASM-in binası hazırda inşa olunur. 4 ASM binası (Xaldan ASM-də Yevlax ASM, Mingəçevirdə 2 ASM) isə binası yenidən təmir edilib. Rayonlarda yerləşən ASM-lər lazımi tibbi avadanlıqlarla (USM aparatı, elektrokardioqraf, rentgen, fetal doppleroqrafiya, ktq (kardiotokoqrafiya) təchiz edilib . Mərkəzi ASM-lərdə isə yuxarıda sadalanan avadanlıqlarla yanaşı göz müayinəsi üçün (refraktometr, göz uniti, foropter, biomikroskop) digər avadanlıqlar da mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.