CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: “Sinovac” şirkətinin vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanıb

Bakı, 18 yanvar, AZƏRTAC

“Sinovac” şirkətinin “CoronoVAC” vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanmışdır. Vaksinin ölkəyə mərhələli şəkildə gətirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirusa qarşı başlanan vaksinasiya ilə bağlı məlumatında deyilir. Məlumatda bildirilir ki, yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində səhiyyə naziri Oqtay Şirəliyev və nazirin iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı və qurumların məsul əməkdaşları koronavirusa qarşı peyvənd olunublar.

O.Şirəliyev daha sonra jurnalistlərə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələr sırasındadır: “Azərbaycan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alıb. Vaksin bir neçə ölkədə kliniki sınaqlardan keçirilib. Vaksin çox effektlidir və mənfi təsirləri olmayıb”.

Z.Əliyev bildirib ki, bu gündən etibarən respublikada koronavirusa qarşı vaksinasiyaya başlanılıb: “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik”.

Qeyd edək ki, sözügedən strategiyanın əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.