CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb

Bakı, 16 yanvar, AZƏRTAC

İcbari tibbi sığorta xidmətlər zərfinin, xüsusilə ana, uşaq və yenidoğulmuşlarla əlaqədar hissənin təkmilləşdirilməsi, xəstəxanalarda doğuş standartlarının təyin edilməsi və onun tətbiqi, pilot layihələr keçirilən regionlarda hamilə qadınlara dəmir və fol turşusunun verilməsi, habelə digər istiqamətlər UNISEF-lə əməkdaşlığımızın prioritet istiqamətlərini təşkil edəcək. Həmin layihələr sınaqdan çıxarılandan sonra onun ölkənin digər doğum evləri və xəstəxanalarında tətbiq edilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yanvarın 16-da Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ölkəmizdəki nümayəndəliyi ilə Anlaşma Memorandumu imzalanması mərasimində deyib.

Onun dediyinə görə, memorandum iki qurum arasında əməkdaşlığın çərçivəsini müəyyən edir və ümid etməyə dəyər ki, ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə öz töhfəsini verəcək.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalanma mərasimində öz çıxışında əməkdaşlığın ölkəmizdə aparılan səhiyyə islahatları və icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək göstərəcəyini bildirib. O, İcbari Tibbi Sığorta Agentliyinin xidmətlərin keyfiyyətinə verdiyi əhəmiyyəti dəstəklədiyini və səhiyyə xidmətlərinin hamıya açıq və əlçatan olmasının vacibliyini söyləyib. Qeyd edilib ki, təşkilatın ölkəmizdə fəaliyyət göstərdiyi 25 il ərzində ana və uşaqların qidalanması ilə əlaqədar xeyli irəliləyişlər əldə edilib, istər ana və körpə ölümünün azaldılması, istərsə də poliomielit və malyariya kimi xəstəliklərin kökü kəsilib.

Sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə heyətinin sədri Zaur Əliyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin tərəflər arasında əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar.

Tərəflər arasında imzalanan Memorandum çərçivəsində “Körpə dostu” xəstəxana standartlarının doğum evləri və şöbələrinin standartlarına daxil edilməsi, ilkin səhiyyə xidməti işçilərinin sağlamlıq və qidalanma xidmətlərinə dair bilik və bacarıqlarının artırılması sahəsində Uşaq İnkişafının İzlənilməsi Təlimatı, körpə və erkən yaşlı uşaqların qidalanması üzrə təlimlərin təşkili ilə əlaqədar əməkdaşlıq planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.