CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in nümayəndələri İsrailə səfər edib

Bakı, 14 mart, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti martın 7-dən 10-na qədər İsrail Dövlətində işgüzar səfərdə olublar.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, səfər iştirakçıları İsrailin xüsusi əhəmiyyətə malik səhiyyə müəssisələrinin – Magen David Adom Milli Əməliyyatlar Mərkəzi (İsrailin milli yardım cəmiyyəti), Sheba Hospital (tibbi innovasiyalar sahəsində ixtisaslaşmış tibb müəssisəsi) və Təl-Əviv Sourasky (Ichilov) Tibb Mərkəzi - şəraiti və müxtəlif bölmələrin fəaliyyətləri ilə tanış olublar. Magen David Adom Milli Əməliyyatlar Mərkəzinin Fövqəladə halların idarə edilməsi və Avropa İttifaqı layihələri koordinatoru Chaim Rafalovski və Sheba Hospitalının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Yair İtzhar və Təl-Əviv Sourasky (Ichilov) Tibb Mərkəzinin baş direktorunun müavini Itzhak Shapira səfər iştirakçılarına tibb mərkəzlərinin fəaliyyətləri haqda geniş məlumat təqdim edib.

Eyni zamanda səfər müddətində Azərbaycanın nümayəndə heyətinin İsrailin Səhiyyə Nazirliyinin baş direktor müavini Şəfi Mendeloviç, qurumun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asher Salmon, Rəqəmsal Səhiyyə departamentinin rəhbəri Assaf Parker, Clalit Mushlam Səhiyyə Xidmətinin (İsrailin ən böyük sığorta təşkilatı) rəhbəri Eyal Jacobson ilə bir sıra görüşləri keçirilib.

Səfər çərçivəsində İsrailin tibbi sığorta sistemi, səhiyyə sisteminin maliyyələşdirilməsi, tibb müəssisələrinin idarəedilməsində sığorta sisteminin rolu, tibbi xidmətlərin genişləndirilməsi üçün tövsiyə olunan strategiyalar, səhiyyə sisteminin elektronlaşdırılması, səhiyyə xidmətlərinin optimallaşdırılması, təcili və profilaktik tibbi yardım xidmətinin funksionallığı və təkmilləşdirilməsi haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycanın tibb müəssisələrində aidiyyəti istiqamətlər üzrə insan kapitalının inkişaf etdirilməsi mövzularında müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.