CƏMİYYƏT
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Yevlax və Ağdaş rayonlarında vətəndaşları qəbul edib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yevlax və Ağdaş rayonlarında vətəndaşları qəbul edib. Qəbul bu qurum tərəfindən pilot layihə olaraq həyata keçirilir.
Agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, qəbula gələn vətəndaşlar əsasən icbari tibbi sığortanın tətbiqi, dərman vasitələri, işlə təminat, müayinə-müalicə və s. məsələlərlə bağlı müraciətlər ediblər.
Vətəndaşlar diqqətlə dinlənilib, müraciətlərlə bağlı agentliyin struktur bölmələrinə, Yevlax və Ağdaş rayon mərkəzi xəstəxanalarının, həmçinin publik hüquqi şəxslərinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Bəzi məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.
Qəbulda vətəndaşlar tərəfindən verilmiş təkliflərin agentliyin və onun tabeliyində olan tibb müəssisələrinin fəaliyyətində nəzərə alınacağı bildirilib.
Vətəndaşlar Prezident İlham Əliyevə bölgələrdə vətəndaşlarla səyyar qəbulun keçirilməsinə dair verdiyi tapşırığa görə minnətdarlıqlarını bildiriblər.