CƏMİYYƏT


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması

Bakı, 30 oktyabr, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 4.5.18-ci bəndinə əsasən öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Nizamnamənin tələbini rəhbər tutaraq agentlik 2018-ci il üzrə illik maliyyə hesabatının auditini böyük dördlük adlanan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətə həvalə edib. Öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verən agentlik “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyini qurumun rəsmi internet səhifəsində yerləşdirib.

Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 2018-ci il 31 dekabr tarixində başa çatan il üzrə agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmışdır. Qeyd edək ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunmayıb. Həmin vəsaitlər agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib.

Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən agentlik müvafiq illəri zərərlə başa vurmuşdu.

Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığorta haqları hesab edilir. Sığorta haqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlərin gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitmişdir. Ötən ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 543 min manat olmuşdur ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi, 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat təşkil edib, agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib.

Ötən ilin sonuna agentliyin nizamnamə kapitalı 4 milyon manat, Qrupun cəmi kapitalı 70 milyon 536 min manat təşkil edir. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib və həmin aktivlərin 85 faizi uzunmüddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcud deyil, qısamüddətli öhdəlikləri 3 milyon 73 min manat təşkil edib.

Qeyd edək ki, agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyil. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.