CƏMİYYƏT


İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır

Bakı, 20 iyul, AZƏRTAC

İcbari tibbi sığortanın 2019-cu ildən etibarən bütün ölkəyə tətbiqi ilə əlaqədar hazırlıq işlərinin sürətləndirilməsi və keçid dövründə rast gəlinə biləcək maneələrin öncədən proqnozlaşdırılaraq aradan qaldırılması məqsədilə fəaliyyət planının tərtibinə dəstək üçün məsləhətçi şirkət cəlb edilib. Bu məqsədlə Azərbaycan Prezidentinin 2018-ci il 19 iyul tarixli Sərəncamına əsasən vəsait ayrılıb. Sərəncamın icrası üçün məsləhətçi şirkət qismində “McKinsey & Company” şirkəti seçilib. Məqsəd əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi, səhiyyə sisteminin effektivliyinin artırılması üçün islahatların aparılması, bu sahəyə ayrılan vəsaitlərin səmərəli istifadəsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyi ilə birgə keçid planının və yol xəritəsinin hazırlanmasıdır. Bu barədə AZƏRTAC-a agentliyin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.

Beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik olan şirkət dünyanın 60 ölkəsində fəaliyyət göstərməkdədir. Son 5 ildə bu şirkət səhiyyə sahəsində 2000-dən çox layihənin reallaşmasında iştirak edib. Onun əsas fəaliyyət istiqamətləri sosial islahatların aparılması üçün strateji plan və maliyyə modellərinin hazırlanmasıdır.

“McKinsey & Company” şirkəti agentliyin icbari tibbi sığortanın pilot layihəsi müddətində topladığı təcrübəsindən yararlanaraq sistemin ölkə üzrə keçidinin inkişaf mərhələləri əks olunmuş strateji yol xəritəsinin hazırlanmasında iştirak edəcək. Şirkətin əsas dəstəyi icbari tibbi sığortaya ölkə üzrə keçid zamanı yaranacaq məsələlərin həlli yollarının təklif edilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə səhiyyə infrastrukturunda islahatların aparılması, habelə dayanıqlı sistemin yaradılmasına, tibb müəssisələrinin effektiv idarəçiliyinə, maliyyə vəsaitlərinin toplanması və xərclənməsində səmərəliliyin artırılmasına dair məsləhətlərin verilməsidir.

Strateji yol xəritəsinə əsasən səhiyyə sahəsində islahatların aparılması, səhiyyə xərclərinin hesablanması, əhalinin səhiyyə ilə bağlı maliyyə yükünün azaldılması və 2019-cu ildən ölkədə icbari tibbi sığortanın geniş tətbiqinə rahat keçid təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.