CƏMİYYƏT
İcbari tibbi sığortanın tətbiqinə dair məsələlər müzakirə edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun iştirakı ilə icbari tibbi sığortanın tətbiqinə dair məsələlər geniş müzakirə edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar intensiv dəyərləndirmələrin aparıldığını və zəruri normativ sənədlərin hazırlanması üzərində iş getdiyini söyləyib. Əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadənin asanlaşdırılması məqsədilə işlərə başlandığını deyən Zaur Əliyev, həmçinin pilot layihənin tətbiq ediləcəyi ərazilərin müəyyənləşdirilərək müvafiq araşdırmaların aparıldığını, zəruri statistik məlumatların təhlil olunduğunu, eyni zamanda, müəyyən edilən ərazilərdə əhali qruplarının aydınlaşdırılması, maliyyə vəsaitlərinin təhlili və İKT infrastrukturunun qurulması istiqamətində görülən işlər barədə də məlumat verib.
Keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsinin Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindən olduğunu vurğulayan Baş nazirin müavini Əli Əhmədov icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar qarşıda çox ciddi islahatların həyata keçirilməsinin zəruriliyini qeyd etdi. Bu sahəyə ayrılan dövlət vəsaitinin ünvanlı və daha səmərəli xərclənməsinin vacibliyini nəzərə çatdıran Əli Əhmədov sonda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tapşırıq və tövsiyələr verib.